21:13 20-05-2014
news_image
342
DİGƏR NÖVLƏR

Yan Sokolun İrlandiya zəfəri

 

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşünün 3-cü mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, 36 komandanın iştirak etdiyi yarışın 154.2 km-lik bu mərhələsi komandamızın üzvü Yan Sokolun finiş xəttini birinci keçməsi ilə əlamətdar olub.

 

Velosipedçimiz məsafəni 3 saat 35 dəqiqə 1 saniyəyə qət edərək, starta çıxan 154 iştirakçı arasında mərhələ qalibiyyətinin sevincini yaşayıb. Komandamızın digər üzvlərinin çıxışına gəlincə, Markus Eybeger, Daniel Klemme, Konnor McConvey və Kristof Şvayzer finişi Sokoldan 16 saniyə gec keçən pelotonun daxilində olublar.

 

3 mərhələdən sonra ümumi sıralanmada Markus Eybeger liderdən 1 dəqiqə, 57 saniyə geri qalmaqla 4-cü mövqedə qərarlaşıb. Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 183.6 km məsafə qət edəcəklər. 8 mərhələdən ibarət yürüşə mayın 25-də yekun vurulacaq.