17:40 23-05-2014
news_image

Azərbaycan boksçusu Maykl Odhiambo ilə döyüşəcək - FOTO

Azərbaycan boksçusu Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünü iyunun 1-də Moskvada keçirəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, həmyerlimiz “Mıtişi” arenada təşkil olunacaq boks gecəsində keniyalı Maykl Odhiambo iilə üz-üzə gələcək.

Bu 29 yaşlı Amanovun peşəkar rinqdə 5-ci döyüşü olacaq. O, son döyüşünü dekabrda Ermənistan idmançısı Sevak Baqdasaryana qarşı keçirmiş və texniki nokautla qalib gəlmişdi.

Uzun illər boks üzrə milli komandamızda çıxış edən Amanov 2005-ci ildə Çində keçirilən dünya çempionatında gümüş medala sahib olub. Maykl Odhiamboya gəlincə, keniyalı peşəkar rinqdə 17 görüş keçirərək, bunun 12-də qələbə qazanıb.

“Mıtişi” arenasındakı gecənin əsas döyüşü isə rusiyalı Dmitri Çudinovla danimarkalı Patrik Nilsen arasında olacaq. Keçmiş dünya çempionları Evander Xolifild və Konstantin Tsyu fəxri qonaqlar arasında yer alacaq. Maykl Bafferin aparıcı olduğu boks şousu “Perviy kanal”la canlı yayımlanacaq.