09:10 31-05-2014
news_image
703
DİGƏR NÖVLƏR

Azərbaycan dueti Avropa çempionatının yarımfinalında

Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatı start götürüb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycanı 3 avarçəkən təmsil edir.

Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1x), Aleksandr Aleksandrov - Boris Yotov dueti isə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılıb. Əfəndiyev seçmə mərhələdə finişə 7 dəqiqə 16,020 saniyəyə çataraq, 4-cü olub. Bu nəticə təmsilçimizin təsəlli yürüşündə iştirakına yetərli olub. Lakin o, növbəti yürüşündə məsafənin yarısını hamıdan tez keçsə də, yekunda 7 dəqiqə 16,740 saniyə göstərici ilə 4-cü yeri tutub. "İlk 3-lüy"ə düşə bilmədiyindən, Əfəndiyev medal şansını itirib. O, mayın 31-də 13-cü yer uğrunda mübarizəyə imkan verən C yarımfinalında çıxış edəcək.

Aleksandrov - Yotov dueti isə seçmə yürüşdə 6 dəqiqə 16 saniyə nəticə ilə finişə 1-ci çatıb. Bununla da cütlüyümüz birbaşa yarımfinala yüksəlib. Onların mayın 31-də keçiriləcək növbəti yürüşdə rəqibləri Çexiya, Hollandiya, Almaniya, Danimarka və Rumıniya təmsilçiləri olacaq. Duetimiz ilk "3-lüy"ə düşəcəyi halda, finala adlayacaq.

Qeyd edək ki, Avropa çempionatına iyunun 1-də yekun vurulacaq.