08:42 02-06-2014
news_image

“Austrian Open”də 5 medal

Avstriyanın İnnsbruck şəhərində taekvondo üzrə təşkil edilən ənənəvi “Austrian Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 dərəcəli yarışda ölkəmizi yeniyetmələrdən ibarət milli komandamız təmsil edib.

 

Yarışa 26 taekvondoçu ilə qatılan yığmamız aktivinə 2 gümüş və 3 bürünc medal yazıb. Belə ki, Səbuhi Zülfüqarovun rəhbərlik etdiyi komandamızın heyətində Şirin Məmmədov (53 kq) və Minayə Əkbərova (29 kq) yalnız final döyüşündə məğlub olaraq, fəxri kürsünün ikinci pilləsində yer alıblar. Millimizin digər üzvlərindən İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq) və Diana Hacıəliyeva (44 kq) isə mübarizəni yarımfinal mərhələsində başa vuraraq, bürünc medalla kifayətləniblər.

 

Qeyd edək ki, taekvondoçularımız vətənə sabah dönəcəklər.