17:21 02-06-2014
news_image

Final üçün heyətlər açıqlandı

İyunun 6-da və 7-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 2013/2014-cü illər mövsümünün final görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada Azərbaycanın “Baku Fires” klubu Kubanın “Cuba Domaderos” komandası ilə üz-üzə gələcək.

 

Kuba təmsilçisi cari mövsümdə bütün görüşlərini qələbə ilə başa vuran yeganə komandadır. “Baku Fires” isə kubalılarla hər iki qarşılaşmada 2-3 hesabı ilə uduzmuş yeganə klubdur.

 

“Azadlıq adası” təmsilçilsi yarımfinalda Rusiya boksçularını hər iki görüşdə məğlub edib. “Baku Fires” finala gedən yolda “Astana Arlans”ı mübarizədən kənarlaşdırıb. İyunun 6-da çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular rinqə çıxacaq. Ertəsi gün digər 5 çəki dərəcəsində olan idmançılar mübarizə aparacaq.

 

Komandaların heyətləri:

Baku Fires – Cuba Domaderos

6 iyun

49 kq. Məhəmməd İbiyev – Yosbani Veita

56 kq. Məhəmməd Qurbanov– Norlan Yera

64 kq. Heybətulla Hacəliyev– Yasiner Toledo

75 kq. Xaybula Musalov– Arlen Lopez

91 kq. Əbdülqədir Abdullayev – Erislandi Savon

 

7 iyun

52 kq. Elvin Məmişzadə - Gerardo Servantez

60 kq. Albert Səlimov – Lazaro Alvares

69 kq. Məhəmməd Nuruddinov – Roniel İqlesias Soqolonqo

81 kq. Mixail Dolqolevets – Xulio Sezar de la Kruz

+91 kq. Arslanbek Mahmudov – Xose Larduet

 

İbiyevlə qarşılaşacaq Veita son dünya çempionatının bürünc mükafatçısıdır. O, cari mövsümdə keçirdiyi 7 görüşün hamısında qalib gəlib. Kubalı boksçu “Baku Fires”in digər üzvü Xamza Nametovu da məğlub edib.

 

Heybətulla Hacəliyev 5-ci turda olduğu kimi yenə Olimpiya oyunları və dünya çempionatının mükafatçısı Toledo üzərində yenidən qələbə qazanmağa çalışacaq. Erislandi Savonla Abdulqadir Abdullayevin görüşü də böyük maraq doğurur. Savon Kubanın ən güclü boksçularından sayılsa da, 2011-ci ilin dünya çempionatında Məhəmmədrəsul Məcidova, ötən il isə Teymur Məmmədova uduzub.

 

Albert Səlimov ikiqat dünya çempionu, London Olimpiadasının bürünc mükafatçısı Lazaro Alvarezin müqavimətini qırmağa çalışacaq. Alvarez bu çempionatda bütün görüşlərdə qələbə qazanıb.

 

69 kq çəki dərəcəsində çıxış edən Sotolonqo Olimpiya və dünya çempionudur. Təcrübəli Nuruddinova bu qarşılaşmada çətin olacaq. Arslanbek Mahmudovun rəqibi olacaq Xose Larduet isə 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında bürünc medala layiq görülüb.

 

Qeyd edək ki, iki görüşdən sonra qalib müəyyənləşməsə, o zaman 69 kq çəki dərəcəsində Yevgeni Romaşkeviçlə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcək.