11:25 05-06-2014
news_image
1115
DÖYÜŞ NÖVLƏRİ

Kəmaləddin Heydərov: Azərbaycan daha bir məsul yarışı qəbul etməyə hazırlaşır

“Dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycan boks üzrə daha bir məsul yarışı qəbul etməyə hazırlaşır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsinin ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini açıqlayarkən deyib.

K. Heydərov bu il iyunun 6-7-də “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq görüşlərin yüksək səviyyədə keçəcəyinə inandığını qeyd edib: “Ümumdünya Boks Seriyasının final görüşü AİBA və Azərbaycan Boks Federasiyası üçün çox vacib və əhəmiyyətli yarışdır. Əminəm ki, 2011-ci ildə Bakıda keçirilmiş böyüklər arasında dünya çempionatı kimi bu yarış da yüksək səviyyədə təşkil olunacaq və hər birinizin ürəyinizcə olacaq”.

ABF prezidenti Azərbaycana gələn qonaqların Bakıdan xoş təəssüratlarla ayrılacağına əminliyini də ifadə edib: “Ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda idmanda yüksəliş dövrünü yaşayır. Ölkəmizdə ən mötəbər beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunur. Təsadüfi deyil ki, gələn il tarixdə ilk olaraq Avropa Oyunları məhz respublikamızda keçiriləcək ”.