12:57 05-06-2014
news_image

Rizvan Gənciyev: 5:0 hesabı bizi qane edəcək

Bu gün Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsinin ilk görüşü ilə bağlı mətbuat konfransı təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan WSB-nin rəhbəri Kərim Buzidi mövsümün uğurla keçdiyini və azarkeşlərin baxımlı final izləyəcəyini bildirib.


O bildirib ki, iyunun 6-da və 7-də olacaq həlledici görüşlər şou xarakteri daşımaqla yanaşı, hər bir döyüş gərginliyi ilə də fərqlənəcək: “Bizi çox maraqlı final matçları gözləyir. İyulun 7-də Bakıda IV mövsümün qalibi müəyyənləşəcək. Hər 2 komandanı gözəl çıxışına görə təbrik edirəm və ili onların döyüşü ilə başa vuracağıq”.

WSB-nin rəhbəri Kuba komandasının debütant olmasına baxmayaraq, inamlı döyüşdüyünü və “Baku Fires”in uğurla bu mərhələyə yüksəldiyini vurğulayıb. O bildirib ki, final görüşü barədə proqnoz vermək çətindir və hər şeyə rinqdə aydınlıq gələcək: “2 komandadan biri mövsümün qalibi olacaq. İl çox uğurla keçdi və fikrimcə, mövsümü də əla finalla başa vuracağıq. Təşkilatımız inamla irəliləyir və bunu mövsüm ərzində də gördük. Bu seriyanın boks aləmində ən yaxşı olacağına inanırıq”.

Buzidi yeni mövsümün daha maraqlı və daha möhtəşəm olacağına da inam ifadə edib. Onun sözlərinə görə, uğurlarını davam etdirməklə yanaşı, yeni ildə klubların sayında artım da olacaq.

Görüşün supervayzeri Helmut Rantse bildirib ki, çoxdan bu finalı gözləyirlər və 2 qarşılaşmanın yekununda kimin güclü olacağı bilinəcək.

“Cuba Domaderos”un baş meneceri Alberto Puiq öncə Boks Federasiyasına qonaqpərvərliyinə görə minnətdarlıq edərək, hazırlığı yüksək qiymətləndirib: “Möhtəşəm şou olacaq. Burada idmançılarımızın hamısı özlərini çox yaxşı hiss edirlər. Finalın ədalətli keçəcəyini və güclünün qalib gələcəyini gözləyirik”.

Puiq Bakı təmsilçisi ilə görüşlər üçün ciddi hazırlaşdıqlarını bildirərək, son sözlərini rinqdə deyəcəklərini söyləyib: “Biz “Baku Fires”in finala çıxdığını bildikdən sonra bu döyüşə çox ciddi hazırlaşdıq. Komanda rəhbərlikdən boksçulara kimi hamısı peşəkarlardan qurulub. Son sözü rinqdə deyəcəyik. Çünki Kubadan bura gəlib 2 gün istirahət etmişik və bunun qarşılığı olaraq, vətənə kubokla qayıtmaq istəyirik”.

Qrup mərhələsində “Baku Fires”ə hər 2 görüşdə 3:2 hesabı ilə qalib gəldiklərini xatırladan baş menecer finala gedən yola da qısa nəzər yetirib. O bildirib ki, 1/4 finala çıxdıqdan sonra finala kimi irəliləyəcəklərinə şübhələri olmayıb.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev də hər 2 matça qələbə üçün çıxacaqlarını deyib. Onun sözlərinə görə, rəqib dünyanın güclülərindən olsa da, komanda üzvlərinə inamı yüksəkdir: “Bizim uşaqlar gənc olsalar da, yüksək əhval-ruhiyyədədirlər və uğurlu çıxışı davam etdirib, mövsümü qalib kimi başa vurmaq istəyirik. Finalların Bakıda keçirilməsi, doğma arena və azarkeşlər xeyrimizədir. İlk görüşdə bizi həmişəki kimi 5:0 qane edəcək”.

Kubalıların baş məşqçisi Rolando Açebal finallara tam fərqli hazırlaşdıqlarını diqqətə çatdırıb. 30 ildir məşqçilik edən mütəxəssis bildirib ki, bu hər bir yetirməsi üçün sanki dünya çempionatındakı döyüş olacaq: “Biz buna dünya çempionatı kimi hazırlaşmışıq və komandamızın hər bir üzvü yaxşı formadadır. 56 və 75 kq çəki dərəcəsində təcrübəsizlərə yer verməyimiz alternativin olmamasından irəli gəlmir, onların hər biri çox güclüdür. Komandamızın uğuruna böyük ümid bəsləyirəm”.

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov da qarşılaşmaların gərgin keçəcəyi qənaətindədir. O bildirib ki, finallara həmişə olduğu kimi hazırlaşıblar və məqsəd qalib olmaqdır.

Bu il WSB-də keçirdiyi 6 görüşün hamısını qalib kimi başa vuran Erislandi Savon (91 kq) isə Bakıda uğurlu seriyanın qırılacağına imkan verməyəcəyini deyib. Onun sözlərinə görə, Əbdülqədir Abdullayevlə döyüş üçün hansısa həyəcandan söhbət belə gedə bilməz. Abdullayevin də cavabı özünü çox gözlətməyib və tutarlı alınıb. Hazırda yaxşı formada olduğunu deyən “Baku Fires” boksçusu qələbə qazanacağına və çempion olacaqlarına inandığını deyib.

Ondan sonra komandamızın digər üzvləri də fikirlərini açıqlayıb və rinqi qalib tərk edəcəklərini vurğulayıblar. Ardınca boksçuların iştirakı ilə çəkiölçmə təşkil edilib.

Qeyd edək ki, “Baku Fires” - “Cuba Domaderos” görüşü sabah saat 20:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək. Azərbaycan komandasının heyətində Məhəmməd İbiyev (49 kq) Yosbani Veitanı, Məhəmməd Qurbanov (56 kq) Norlan Yeranı, Heybətulla Hacəliyev (64 kq) Yasiner Toledonu, Xaybula Musalov (75 kq) Arlen Lopesi və Əbdülqədir Abdullayev (91 kq) Erislandi Savonu sınağa çəkəcək.