12:37 06-06-2014
news_image

Nuripaşa Talıbov: Hər 2 heyətə inanıram

Bu gün Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsinin ikinci görüşü ilə bağlı mətbuat konfransı təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan döyüşün supervayzeri Helmut Rantse mövsümün son döyüşün də möhtəşəm olacağını deyərək, azarkeşləri matça baxmağa çağırıb.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev komandasına inandığını bildirib. Onun sözlərinə görə, əsas döyüşlərdə qalib olmağa çalışacaqlar: “Məqsədimiz qalib gəlməkdir. Kubokun sahibinin əsas döyüşlərdə müəyyənləşməsi üçün döyüşəcəyik. Çalışacağıq ki, 11-ci görüşə ehtiyac olmasın. Komandanın hər bir üzvü hazırdır və nəticəsi də finallarda görünəcək”.

Gənciyev “Baku Fires”in qalib gələcəyi halda alacağı mükafatı açıqlamayıb. O bildirib ki, bu, klubun kiçik bir sirridir.

“Cuba Domaderos”un baş meneceri Alberto Puiq də əsas döyüşlərdə qələbə qazanmaq istədiklərini vurğulanıb. Onun sözlərinə görə, komandası da buna tam hazırdır.

Kubalıların baş məşqçisi Rolando Açebal hər 2 heyətə güvəndiyini deyib: “Hər bir boksçu üçün yeni görüş yeni təcrübədir. Final son pillədir və burada zəif idmançı olmur. Hər 2 heyətə güvənirəm və inanıram ki, onlar rinqdə bəslədiyimiz ümidləri doğruldacaqlar”.

“Bakı Fires”in baş məşqçisi Nuripaşa Talıbov da yetirmələrinin kuboku başları üzərinə qaldıracağına inanır. Onun sözlərinə görə, finalda hər bir döyüşə hansı idmaçı yaxşı köklənə bilsə, rinqdə ciddi çətinlik çəkməyəcək: “Heyətlərimizə gəlincə, hər 2 heyətə inanıram. Amma bu gün layiqli qələbə qazanıb, sabahkı görüşə rahat çıxmaq istəyirik”.

Ardınca komandaların üzvləri də döyüşə hazır olduqlarını deyərək, qələbə üçün bütün güclərini səfərbər edəcəklərini açıqlayıblar. Yekunda boksçuların iştirakı ilə çəkiölçmə təşkil edilib.

Qeyd edək ki, final mərhələsinin ilk görüşü bu gün olacaq. Saat 20:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək döyüşdə Azərbaycan komandasının heyətində Məhəmməd İbiyev (49 kq) Yosbani Veitanı, Məhəmməd Qurbanov (56 kq) Norlan Yeranı, Heybətulla Hacəliyev (64 kq) Yasiner Toledonu, Xaybula Musalov (75 kq) Arlen Lopesi və Əbdülqədir Abdullayev (91 kq) Erislandi Savonu sınağa çəkəcək.

Sabah eyni saatda başlayacaq ikinci matçda isə boksçularımızdan Elvin Məmişzadə (52 kq) Gerardo Servantezlə, Albert Səlimov (60 kq) Lazaro Alvareslə, Məhəmməd Nuruddinov (69 kq) Roniel İqlesias Soqolonqoyla, Mixail Dolqolevets (81 kq) Xulio Sezar de la Kruzla və Arslanbek Mahmudov (+91 kq) Xose Larduetlə üz-üzə gələcək.

2 görüşdən sonra qalib müəyyənləşməsə, o zaman 69 kq çəki dərəcəsində Yevgeni Romaşkeviçlə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcək.