18:36 06-06-2014
news_image

AİBA prezidenti: Azərbaycan Boks Federasiyasının gördüyü işlərdən tam razıyam

“Yenidən Bakıda olduğum üçün xoşbəxtəm. Burada 2 maraqlı final görüşünü izləyəcəyik. Bakıda tez-tez olduğumdan deyə bilərəm ki, “Baku Fires” və Azərbaycan Boks Federasiyasının gördüyü işlərdən tam razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Bakıda mətbuat konfransı keçirən AİBA prezidenti Çinq-Kuo Vu deyib.

Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsini canlı izləmək üçün paytaxtımıza səfər edən qurum başçısı öncə döyüş barədə danışıb.

 

O bildirib ki, azərbaycanlı azarkeşlər ardıcıl 2 gün maraqlı döyüşlər izləyəcəklər: “Finalda 2 güclü komanda mübarizə aparacaq. Burada olduğumuz mövsümdə WSB-in iclasını keçirdik. Yeni mövsümdə 10-dan çox komanda olacaq və yanvarda başlayacaq”.

AİBA prezidenti quruma noyabrda olacaq seçkilərlə bağlı danışarkən deyib ki, növbəti dəfə namizədliyini irəli sürəcək: “Son 8 ildə AİBA-ya mən rəhbərlik etmişəm. Növbəti seçkidə də namizədliyimi irəli sürəcəyəm. Bunu bir sıra federasiya rəhbərləri məndən xahiş edib. Yeni proqramıma gəlincə, bilirsiz ki, artıq boksçular şlemsiz döyüşürlər. WSB, APB (Peşəkar Boks Liqası) kimi liqalar yaradıldı, qadın boksu Olimpiya Oyunlarında yer aldı. Əsas məqsəd bu proqramı davam və inkişaf etdirməkdir. APB-yə sentyabrda start verəcəyik və bu yarışlarda lisenziyalar olacaq”.

Mətbuat konfransında görüşün supervayzeri Helmut Ranze də fikirlərini açıqlayıb. O bildirb ki, Bakıda baş tutacaq həlledici döyüşlər WSB tarixdə ən yaxşısı olacaq: “45 dəqiqə sonra ilk final başlayacaq. Hesab edirəm ki, finalda qarşılaşacaq komandalar dünyada rəhbərlik və boksçular baxımından ən güclüləridir. Hər 2 komandaya uğurlar arzulayıram. Debütant olan Kuba təmsilçisi bütün görüşlərdə inamlı təsir bağışlayaraq, bura kimi gəlməklə öz statuslarını sübut ediblər. “Baku Fires”ə gəlincə, onlar mövsümə fərqli başladılar. Lakin sonradan özlərinə gələrək stabil döyüşdülər. Onlar son 2 finalçını mübarizədən kənarlaşdırmaqla da bunu göstərdilər. Bizi çox maraqlı görüşlər gözləyir”.

Qeyd edək ki, final mərhələsinin ilk görüşü 20:00-da başlayacaq.