12:04 12-06-2014
news_image
509
DİGƏR NÖVLƏR

AGİ prezidenti: Azərbaycan tək təşkilatçılığı ilə deyil, gimnastları ilə yüksək səviyyədədir

“Avropa çempionatı möhtəşəm tarixə təsadüf edir. Yarış London Olimpiadasından 2 il sonra, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 2 il qalmış təşkil olunur”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının (AGİ) prezidenti Corc Quelzek sabah Bakıda startı veriləcək Avropa çempionatı öncəsi keçirdiyi mətbuat konfransında deyib.

İyunun 13-15-də baş tutacaq yarışın hazırlığından razı qalan AGİ rəhbəri bildirib ki, 3-cü dəfə Azərbaycanda təşkil olunacaq Avropa çempionatının yüksək səviyyədə keçəcəyinə inanır: “2007 və 2009-cu illərdə Azərbaycan bu yarışı keçirmək üzrə böyük müvəffəqiyyət qazanıb. Azərbaycan Gimnastika Federasiyası bu sahədə çox peşəkardır. Həmçinin, yarış I Avropa Oyunlarına təsnifat xarakteri daşıdığı üçün vacib əhəmiyyət daşıyır. Qitənin ilk Oyunları üçün hazırlıq da əla səviyyədə gedir və hətta bizim tələblərdən yüksək səviyyədədir. Düşünürəm ki, bütün nümayəndə heyəti yaradılan şəraitdən tam razıdır. Sabahdan bir daha əmin olacağıq ki, Azərbaycan tək təşkilatçılığı ilə deyil, gimnastları ilə yüksək səviyyədədir”.

Prezident sonda Təşkilat Komitəsinə minnətdarlıq edib: “Azərbaycan Gimnastika Federasiyasına, bu yarış üçün əziyyət çəkən hər bir şəxsə təşəkkürümü bildirirəm. Bütün təşkilatçılıq əladır. Tamaşaçıların yarışdan razı qalacağına, zövq alacağına inanıram”.