15:13 12-06-2014
news_image
709
DİGƏR NÖVLƏR

Sabah Bakıda Avropa çempionatı başlayır

Sabah Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında 3 gün davam edəcək yarışda 33 ölkənin 250-yə yaxın idmançısı xalça üzərinə çıxacaq.

 

Fərdi proqramda 102 yeniyetmə, böyüklərdən ibarət qrup komanda mübarizəsində 21 kollektiv, fərdi yarışlarda isə 20 gimnast 9 dəst medalın müqəddəratına aydınlıq gətirəcəklər.

 

Qitə çempionatında Azərbaycanın idman şərəfini böyüklərin fərdi proqramında Marina Durunda və Gülsüm Şəfizadə, qrup komandasında Səbinə Abbasova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Züleyxa İsmayılova təmsil edəcəklər.

 

Milli Gimnastika Arenasında 2013-cü ilin mütləq dünya çempionu Yana Kudryavtseva (Rusiya), dünya çempionu Qanna Rizatdinova (Ukrayna), Avropa və dünya çempionatlarının mükafatçısı Melitina Stanyuta (Belarus) kimi tanınmış gimnastlar yarışacaqlar. Qrup komandalarının mübarizəsində isə İtaliya, Rusiya, Bolqarıstan, Belarus, İspaniya və Fransa təmsilçiləri favoritlər sırasındadırlar.

 

Paytaxtımızda 3-cü dəfə keçiriləcək çempionatın ilk günü yeniyetmə gimnastların halqa və topla təsnifat yarışları, açılış mərasimi təşkil olunacaq. Ardınca qrup hərəkətləri komandaları arasında 2 çıxışın nəticəsinə görə Avropa çempionu müəyyənləşəcək.

 

Çempionatın ikinci günü yeniyetmə idmançılar gürzlər və lentlə çıxışlarından sonra komanda hesabında qalibin adı dəqiqləşəcək. Həmçinin, böyük gimnastlar arasında çoxnövçülük üzrə final mərhələsi keçiriləcək.

 

Milli Qurtuluş Gününə təsadüf edəcək turnirin son günü yeniyetmələr və qrup komandaları arasında ayrı-ayrı növlər üzrə final mərhələləri, habelə, bağlanış mərasimi və Avropa gimnastika ulduzlarının iştirakı ilə Qala-konsert təşkil olunacaq.

 

Qeyd edək ki, Avropa çempionatı Milli Gimnastika Arenasının qəbul etdiyi ilk beynəlxalq turnirdir. 2015-ci ildə isə burada I Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışlar baş tutacaq. Ölkəmizdə keçiriləcək qitə Oyunlarında yarışacaq böyüklərdən ibarət qrup komandalarının siyahısı da məhz Avro-2014-də müəyyənləşəcək. Fərdi gimnastlar isə Vyanada təşkil olunan Avropa çempionatında lisenziyalara yiyələniblər.