17:23 14-06-2014
news_image
1130
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTOSESSİYA

Bu gün Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə ilk Azərbaycan çempionatı keçirilib. Apasport.az saytının xəbərinə görə, 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.

Yarışın reqlamentinə əsasən, Elit və U-23 yaş qrupunda çıxış edən idmançılar ümumi uzunluğu 2300 metr olan marşrut boyunca 8, yeniyetmə və gənclər 6, həvəskar dağ velosipedçiləri isə 4 dövrə vurublar.

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, ölkə çempionatının nəticələrinə gəlincə, həvəskarlar arasında Musa Mikayılzadə, Pərviz İlyasov və Ceyhun Əsədov ilk 3 yeri tutublar. Yeniyetmə və gənclərin mübarizəsində 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Kənan Qəhrəmanlı 43 dəqiqə, 6 saniyə göstərici ilə 1-ci olub. Onun komanda yoldaşı Nicat Qarayev çempiona 6 dəqiqə, 46 saniyə uduzmaqla 3-cü nəticə göstərib. Gümüş medala isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Tərlan Məmmədov layiq görülüb – 47 dəqiqə, 40 saniyə.

Və nəhayət, Elit və U-23 yaş qrupunda Azərbaycan çempionu adına və xüsusi çempion köynəyinə “Synergy Baku” komandasının üzvü Aqşin İsmayılov layiq görülüb. O, finişi 55 dəqiqə, 58 saniyəyə keçib və gümüş medal qazanan Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirməsi Orxan Məmmədovu 52 saniyə qabaqlayıb. Ilk üçlüyü isə Orxanın komanda yoldaşı Murad Sultanov tamamlayıb – 1 saat, 1 dəqiqə, 35 saniyə.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov dağ velosipedi üzrə ilk ölkə çempionatının əhəmiyyətini belə xarakterizə edib: “Yarışın ölkəmiz üçün əlamətdar gün - Milli Qurtuluş gününə həsr edilməsi rəmzi məna daşıyır. Çünki, hazırda olduğumuz Velopark ötən əsrin 70-ci illərində məhz Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və iştirakı ilə salınıb. Bu yarışın Azərbaycanda dağ velosipedinə olan marağı artıracağına inamımız böyükdür. Çünki, gələn il təşkil olunacaq ilk Avropa Oyunlarının proqramında velosiped idmanının şosse, BMX və dağ velosipedi növü üzrə yarışlar var. Əsas məqsədimiz idmançılarımızın uğurlu çıxışına nail olmaqdır”.

İlk 3 yeri tutmuş velosipedçilər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Mükafatlandırma zamanı “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi Ayxan Məsimliyə də hədiyyə verilib – o, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən qiymətli velosipedlə təltif edilib.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq.