08:50 17-06-2014
news_image

14 idmançımız dünya çempionatına yollanır

Para-taekvondo üzrə Azərbaycan milli komandasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, iyunun 20-21-də baş tutacaq mundialda 14 idmançımız gücünü yoxlayacaq.

Belə ki, baş məşqçisi Əvəz Tağıyev Moskvada Rövşən Qəhrəmanlı, Anar Hüseynov, Sarvan Məmmədov, İmaməddin Xəlilov, Rəhman Ələkbərov (hamısı 61 kq), Nicat Müslimov, Əbülfəz Abuzərli, Rövşən Rzayev, Hüseyn Həsənov (hamısı 75 kq), Aleksandr Poluşuk, Vüsal İsmayılov, Vüqar Adışirinov (hər üçü +75 kq), Bahar Şıxəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq) etimad göstərib.

Komandamız 40-a yaxın ölkənin qatılacağı V dünya çempionatına bu gün yollanacaq. İdmançılarımız yarışdan iyunun 23-də qayıdacaqlar.

Qeyd edək ki, millimiz bundan öncə 2 dəfə dünya birincisi və eyni sayda ikincisi olub.