01:28 29-06-2014
news_image
640
DİGƏR NÖVLƏR

Avropa çempionatında daha 5 medal şansı

Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası uğurlu çıxışını ötən gün də davam etdirib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, təmsilçilərimiz 5 yürüşdə əsas finala yüksəliblər. 

Daha öncə 23 yaşadək kanoeçilər arasında 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti bürünc medal qazanmışdı. Bu dəfə həmin duet 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlib. Duetimiz seçmə yürüşdə finişə 1 dəqiqə 47,716 saniyəyə hamıdan tez çatıb və birbaşa həlledici yürüşdə iştirak hüququna yiyələnib. Həmin yürüş iyunun 29-da Bakı vaxtı ilə saat 16:20-də başlanacaq. 

Yeniyetmələr arasında 1 nəfərlik qayıqla (C-1) çıxış edən Mikita Sablin də 2 məsafədə əsas finala yüksəlib. Sablin 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 56 saniyə, yarımfinalda 2 dəqiqə 268 saniyə nəticə göstərib. Hər iki halda Sablin 2-ci yeri tutaraq, həlledici yürüşə vəsiqə qazanıb. Kanoeçimiz 200 metr məsafəyə yürüşdə isə seçmə mərhələdə 43,880 saniyə nəticə ilə 3-cü, yarımfinalda 42,500 saniyə göstərici ilə 2-ci olaraq, finala çıxıb. Sablin bu məsafələrə final yürüşünə bu gün saat 12:43-də və saat 18:20-də çıxacaq. 

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşü 1 dəqiqə 59,080 saniyəyə 4-cü, yarımfinalda 1 dəqiqə 56,924 saniyəyə 1-ci yerdə başa vuraraq, əsas finala yüksəlib. Həlledici yürüş bu gün saat 15:18-də başlanacaq. 

Nəhayət, 23 yaşadək kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə Mirnazim Cavadov uğurla çıxış edərək, adını finalçılar sırasına yazdırıb. Cavadov seçmə yürüşdə 1 dəqiqə 46,856 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda isə o, finişə 1 dəqiqə 46,096 saniyəyə 3-cü çatıb. Məhz ilk "3-lüy"ə düşdüyündən, kayakçımız həlledici yürüşdə iştirak hüququna yiyələnib. Bu yürüş iyunun 29-da saat 15:36-da başlanacaq. 

Digər yürüşlərə gəldikdə, yeniyetmələr arasında Aleksey Solovey - Amil Hüseynli dueti 2 nəfərlik qayıqla (K-2) 500 metr, Amil Hüseynli 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr, Mirnazim Cavadov 23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) çıxış edəcəklər.