14:05 30-06-2014
news_image
755
DİGƏR NÖVLƏR

Azərbaycan çempionu müəyyənləşdi - FOTOSESSİYA

Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, ölkəmizin ən güclü velosipedçilərini müəyyənləşdirən yarışın sonuncu gününün finişi Daşkəsəndə baş tutub.

 

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparıb. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü, müvafiq olaraq Elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı xeyli artırıb. Yeri gəlmişkən, "Synergy Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasında olub.

 

Yarışın proqramına əsasən, sonuncu gün Elit, U-23 və gənclər arasında 120 km məsafəyə qrup ötüşməsi üzrə ən güclülər müəyyənləşib. Yürüşə Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündən start verən velosipedçilər Göy-Göl rayonundan keçməklə Daşkəsənə doğru istiqamətləniblər.

 

Startdan dərhal sonra əsas mübarizənin pelotondan xeyli aralanan "Synergy Baku" komandasının üzvləri Elçin Əsədov, Tural İsgəndərov və Samir Cəbrayılov arasında gedəcəyi müəyyənləşib. İlk 20 km-dən sonra Tural İsgəndərov əsas rəqibləri ilə təxminən 2 dəqiqəlik fərq yaratsa da, sonradan Elçin Əsədov önə keçib. Marşrutun Daşkəsən ərazisində yerləşən dağ yollarında isə Elçin xeyli irəli gedərək rayon mərkəzində, dəniz səviyyəsindən 1525 metr hündürlükdə yerləşən finiş xəttini hamıdan öndə keçib - 3 saat, 27 dəqiqə, 35 saniyə. Tural İsgəndərov çempiona 30 saniyə uduzmaqla gümüş medala yiyələnib. İlk üçlüyü Samir Cəbrayılov tamamlayıb - 3 saat, 30 dəqiqə, 33 saniyə.

 

"Qalib gəlməyimdə Tural İsgəndərovun böyük köməyi oldu. Biz uzun müddətdir ki bir komandada çıxış edirik və bu üzdən də bir-birimizi yaxşı başa düşürük" - deyən Azərbaycan çempionu Elçin Əsədov hər şeyin düşünülmüş taktika əsasında həyata keçdiyini vurğulayıb. O, Azərbaycan çempionu titulunun özü üçün böyük stimul olduğunu xüsusi qeyd edib.

 

Gənclər arasında isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin təmsilçiləri Kənan Qəhrəmanlı, Nicat Qarayev və Elmar İlyasov ilk 3 pilləni bölüşüblər.

 

Təltifetmə mərasimindən öncə Daşkəsən rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, həmçinin idmançı və məşqçilər Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsinə olan ehtiramlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq.