15:55 01-07-2014
news_image
898
DİGƏR NÖVLƏR

Baş məşqçi: Hər şey özlərindən asılıdı - FOTO

Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatını izləmək üçün ölkəmizdə olan "Synergy Baku" kontinental komandasının baş məşqçisi Ceremi Hant AzVİF mətbuat xidmətinə verdiyi müsahibədə yarışla bağlı təəssüratlarını bölüşüb.

 

- Azərbaycan çempionatının gedişi, idmançıların çıxışları sizə necə təsir bağışladı?

- Azərbaycana gəlişimin əsas məqsədi həm ölkə çempionatının gedişini izləmək, həm də yeni istedadların üzə çıxarılmasına yardım etməkdir. Bundan başqa, gənc velosipedçilərin "Synergy Baku" komandasının üzvləri ilə hansı səviyyədə mübarizə aparması da mənim üçün çox maraqlı idi. Gördüklərimdən məmnunam, çünki gənclər özlərini göstərmək üçün çox çalışdılar. Elçin, Tural, Samir, Aqşin kimi təcrübəli velosipedçilərlə eyni yarışda çıxış etmək onlara hər gün müyəssər olmur.

 

- "Synergy Baku" komandasının üzvlərinin çıxışı necə, sizi qane etdimi?

- Bəli, komanda üzvlərimizin çıxışları gözlənilən kimi oldu və nəticələri qanunauyğunluq kimi qəbul edirəm. Məni sevindirən məqam velosipedçilərimizin vahid komanda halında, düzgün taktiki gedişlər əsasında çalışmasıdır. Görünən odur ki, "Synergy Baku Cycling Project" bu velosipedçilərin öz peşəkarlıqlarını artırması üçün əla bir məktəbdir. Bundan başqa, həm fərdi, həm də qrup ötüşmələri zamanı gənclərlə daha təcrübəli idmançıların eyni məsafəyə mübarizə aparmasının əsas məqsədi o idi ki, biz onları müqayisə edək və istedadları üzə çıxaraq.

 

- Yarışın gedişində xüsusi testlər vasitəsilə 17 yaşadək yeniyetmə idmançıları ayrıca yoxladınız. Onların potensialı parlaq gələcək vəd edirmi?

- Aparılan testlər onu göstərdi ki, Azərbaycanda kifayət qədər perspektivli velosipedçi var. Son illər ərzində Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinin gördüyü işlər öz bəhrəsini verməkdədir. Əgər bu yeniyetmələrlə işlər bundan sonra da bu tempdə davam edərsə, 4-5 ildən sonra onlar "Synergy Baku" kontinental komandasının heyətinə cəlb edilə və yeni mərhələyə çıxa bilərlər. Velosipedçilər üçün lazım olan bütün şərait federasiya tərəfindən yaradılıb, odur ki, hər şey özlərindən asılıdı.