09:44 03-07-2014
news_image
453
DİGƏR NÖVLƏR

"Həmrəylik Yürüşü"ndə ilk gün

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Polşada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriylı "Həmrəylik və Olimpiyaçılar" yürüşündə mübarizə aparır. Apasport.az saytının xəbərinə görə, heyətə 6 velosipedçi daxil edilib - bunlar bu günlərdə Azərbaycan çempionu adını qazanan Elçin Əsədov, həmçinin Azərbaycan çempionatının mükafatçıları Tural İsgəndərovla Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviçdir.

 

Sayca 25-ci dəfə təşkil edilən yarışın ilk günündə iştirakçılar 2 mərhələdə mübarizə aparıblar - səhər saatlarında 115.5 km məsafədə çıxış edən velosipedçilər, axşam proqramında 82 km qət ediblər. Komanda üzvlərimizdən Daniel Klemme hər iki halda finişi mərhələ qalibi ilə eyni vaxtda keçsə də, fotofinişə əsasən 12-ci olub və indi ümumi təsnifatda da 12-ci mövqedə qərarlaşır.

 

Diqqət çəkən məqam Tural İsgəndərovun ilk mərhələdə xoşagəlməz halla üzləşərək toqquşma nəticəsində yıxılması olub. Amma tibbi müayinə idmançımızda ciddi fəsadlar aşkar etməyib və o 2-ci mərhələdə iştirak eədrək finişi liderlə eyni vaxtda keçən pelotonun içərisində olub.

 

Bu gün keçiriləcək 3-cü mərhələdə iştirakçılar 162 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüari "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.