10:38 04-07-2014
news_image
354
DİGƏR NÖVLƏR

"Həmrəylik Yürüşü"ndə 3-cü mərhələ - FOTO

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Polşada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Həmrəylik və Olimpiyaçılar" yürüşündə çıxışını davam etdirir. Apasport.az saytının xəbərinə görə heyətə 6 velosipedçi daxil edilib - bunlar bu günlərdə Azərbaycan çempionu adını qazanan Elçin Əsədov, həmçinin Azərbaycan çempionatının mükafatçıları Tural İsgəndərovla Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviçdir.

 

Sayca 25-ci dəfə təşkil edilən yarışın 3-cü mərhələsində iştirakçılar 162 km məsafə qət ediblər. Diqqət çəkən məqam velosipedçilərimizin hamısının finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində yer almasıdır. Fotofinişə əsasən, təmsilçilərimizdən ən yüksək göstərici Maksim Averin və Samir Cəbrayılova məxsusdur - onlar müvafiq olaraq 11 və 12-ci olublar.

 

3 mərhələdən sonra Maksim Averin, Daniel Klemme, Aleksandr Surutkoviç və Samir Cəbrayılov yürüş liderinə 12 saniyə uduzmaqla ümumi sıralanmada 26-cı, 28-ci, 31-ci və 56-cı mövqedə qərarlaşırlar. Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 193.5 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüari "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.