13:55 05-07-2014
news_image
501
DİGƏR NÖVLƏR

MTB üzrə Federasiya Kuboku

İyulun 6-da Bakıda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək. Zığ şosesindəki zeytun bağları adlanan ərazidə təşkil olunacaq yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin idmançıları mübarizə aparacaq.

 

Bir gün davam edəcək və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydalarına əsasən keçiriləcək Federasiya Kubokunda bütün yaş kateqoriyaları üzrə idmançılar hər biri 2.4 km-dən ibarət 5 dövrədə (cəmi 12 km) yarışacaqlar. Qeydiyyat səhər saat 09:00-da, yarış isə saat 10:00-da başlayacaq.

 

Yeri gəlmişkən, Federasiya Kuboku ilə yanaşı, sabah həmin məkanda “SharkHead / velopeople” Həvəskar Velosipedçilər Klubunun “X-Ride” Cross-Country üzrə Bakı Açıq Kubokunun 3-cü mərhələsi də keçiriləcək. Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən dəstəklənən yarış 5 mərhələdən ibarətdir. Oktyabr ayında Azərbaycanın bölgələrinin birində keçiriləcək Super-Finalda ən çox bal toplayan 10 velosipedçi iştirak edəcək.