14:36 10-07-2014
news_image
517
DİGƏR NÖVLƏR

Federasiya birinciliyinə start verilib - FOTOSESSİYA

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) illik təqvim-planına əsasən, bu gün U-15 və U-17 yaş kateqoriyaları üzrə fərdi və qrup ötüşmələri üzrə Federasiya Birinciliyinə start verilib. Apasport.az saytının xəbərinə görə, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirilən yarışda AzVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-dən artıq idmançısı mübarizə aparır.

Proqrama əsasən, birinciliyin ilk günündə iştirakçılar fərdi şəkildə (time trial) start götürməklə qoruq ərazisində 3,8 km məsafə qət ediblər. Yarış “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaya gələn xarici turistlər tərəfindən də böyük maraqla qarşılanıb.

Nəticələrə gəlincə, U-15 yaş kateqoriyasında "Sərhədçi" İdman Olimpiya Mərkəzinin təmsilçisi Maqsud Həsənov marşrutu 6 dəqiqə, 20 saniyəyə qət edərək 1-ci yeri tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirməsi Adəm Məmmədli və 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi Xankişi İsgəndərov isə 3-cü olub.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Bakir Dadaşov hamıdan yaxşı nəticə göstərib - 5 dəqiqə, 44 saniyə. Maksim Naperstkov (8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi) və Nicat Məmmədli (Sumqayıt Velosiped İdmanı Klubu) müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Sabah iştirakçılar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində qrup yarışlarında mübarizə aparacaqlar. U-15 yaş kateqoriyasında çıxış edən velosipedçilər 3,8 km məsafə boyunca 3, U-17 yaş qrupunda yarışan idmançılar isə 5 dövrə vuracaqlar. Yarış səhər saat 10:00-da start götürəcək.