23:45 26-07-2014
news_image
721
DİGƏR NÖVLƏR

“Birlik Oyunları”nda “Synergy Baku” izi - FOTO

Şotlandiyanın Qlazqo şəhərində təşkil olunmuş sayca 20-ci “Birlik Oyunları” davam edir. Apasport.az saytının xəbərinə görə, yarışı bizim üçün maraqlı edən Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvü, Avstraliyanın trek yığmasının velosipedçisi Lük Deyvisonun da nüfuzlu yarışda çıxış etməsidir.

 

Keçmiş Böyük Britaniya imperiyasına daxil olan ölkələrin idmançıları arasında keçirilən bu yarış hər 4 ildən bir təşkil edilir. Yarış proqramına velosiped idmanının mounten bayk (dağ velosipedi), şose və trek növləri də daxildir.

 

Bu ilin fevralında Kolumbiyanın Kali şəhərində keçirilən trek üzrə dünya çempionatında Avstraliya milli komandasının heyətində 4000 metr məsafəyə komanda izləmə yarışında qızıl medal qazanan Lük Deyvison eyni uğuru “Birlik Oyunları”nda da təkrarlayıb. Onun da heyətində yer aldığı Avstraliya kollektivi finalda İngiltərəli rəqiblərindən güclü olaraq “Birlik Oyunları”nın qızıl medalını qazanıb.

 

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, Lük Deyvison mötəbər yarışda daha bir medal qazana bilər. Belə ki, o avqustun 27-də 20 km məsafəyə skretç yarışlarında da qüvvəsini sınayacaq. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.