11:40 31-07-2014
news_image
1557
DİGƏR NÖVLƏR

Flavinyo: Qələbə qazanmalıyıq, özü də qol buraxmadan - MÜSAHİBƏ

Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında bu gün Gürcüstan təmsilçisi “Çixura” ilə qarşılaşacaq “Neftçi” klubunun kapitanı, braziliyalı legioner Flavinyonun apasport.az saytına müsahibəsi

 

- Öncə qarşılaşma barədə fikirlərinizi bildirərdiniz...

- Rəqibin güclü olmasından xəbərim var. Onların bu mərhələyə necə gəldiyini bilirik. “Bursaspor” kimi komanda üzərində qələbə qazanıblar. “Çixura” yaxşı heyətə malikdi, amma buna baxmayaraq, biz qələbə qazanmalıyıq.

 

- Əvvəlki mərhələdə “Koper”ə Bakıda uduzsanız da, səfərdə qələbə qazandınız. Eyni hal bu gün də baş verə bilər?

- Sloveniya komandasına qarşı ilk görüşdə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Elə ona görə də uduzduq. Səfərdə isə daha yaxşı oynadıq və qalib gəldik. İstəmirik ki, “Çixura” ilə matçda da eyni hal baş versin. Elə ilk görüşdəcə daha yaxşı qalibiyyət qazanmaq lazımdı.

 

- “Neftçi” avrokuboklar çərçivəsində öz meydanında keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Bu sindromu qıra biləcəksiniz?

- Belə statistikaya fikir verməmişəm. Amma bu gün mütləq qələbə qazanmalıyıq, özü də qol buraxmadan. Çünki doğma meydanda qapımızda top görmədən qalib gəlsək, səfərdə daha rahat oynaya bilərik. Həm də bu 7 oyunluq statistikanı da qırarıq.

 

- Türkiyədə təlim-məşq toplanışı zamanı “Çixura” ilə keçirdiyiniz 2 yoxlama matçında qələbə qazana bilmədiniz...

- Türkiyədə onlarla oynasaq da, bu matçlar yoldaşlıq görüşləri idi. Biz heyətdə bir neçə dəyişikliklər etmişdik. Çünki yoxlama oyunlarının ab-havası  başqa olur. Bu gün isə hər şey fərqli olacaq. Tam başqa futbol oynayacağıq.

 

- “Çixura”nın “Bursaspor”la oyunlarına baxmısınız. Rəqib həmin görüşdə sizdə necə təsir bağışladı?

- Daha çox müdafiəyə fikir verən komandadır. Arxa xətdə inamlı oyunları ilə seçilirlər.  Məhz yaxşı müdafiə olunmaqla, “Bursaspor”u keçə bildilər.

 

- “Koper” də daha çox müdafiəyə diqqət yetirən komanda idi. Bu iki klubu müqayisə edəndə hansı daha güclüdü?

- Məncə, “Çixura”. Onların “Koper”dən bir neçə üstün cəhəti var. Bizim üçün çətin olacaq. Amma mərhələ adlaya bilərik.

 

- “Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığı mövsümdə ilk qələbəsini Gürcüstan təmsilçisi “Zestafone” üzərində qazanmışdı və həmin qalibiyyət sizə uğur gətirmişdi. Yenə bu ölkənin komandasına qarşı oynayırsınız...

- Ümid edirəm ki, düşərli olacaq. Amma əvvəlcə “Çixura”nı məğlub etməliyik. Bundan sonra pley-off və qrup mərhələsi haqqında düşünə bilərik.

 

 

Elsevər MƏMMƏDOV