10:26 01-08-2014
news_image
565
DİGƏR NÖVLƏR

Yığmamız Olimpiadaya start verir

Sabah Norveçin Tromse şəhərində şahmat olimpiadasına start veriləcək. Apasport.az saytının məlumatına görə, həm kişilərin, həm də qadınların yarışında Azərbaycan millisi də təmsil olunacaq.

 

Komandalarımız hələ uğur qazana bilmədiyi Olimpiadaya optimal heyətlə qatılıblar. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov (2743), Teymur Rəcəbov (2724), Rauf Məmmədov (2659), Eltac Səfərli (2649) və Qədir Hüseynov (2613) rəqiblərinə güclərini göstərməyə çalışacaqlar. Onları matçlara kapitan kimi Aleksandr Halifman çıxaracaq.

 

Qadınlar arasında isə ölkəmizin idman şərəfini Fikrət Sideyfzadənin rəhbərliyi altında Gülnar Məmmədova (2334), Zeynəb Məmmədyarova (2229), Türkan Məmmədyarova (2274), Xəyalə Abdulla (2286) və Səbinə İbrahimova (2263) qoruyacaqlar.

 

179 kişi və 137 qadın komandasının qüvvəsini sınayacağı möhtəşəm Oyunlarda müvafiq olaraq, Rusiya (2773) və Çin (2549) reytinq-favoritdirlər. Yığmalarımız isə 8-ci (kişilər) və 22-ci (qadınlar) yerlərdə qərarlaşıblar.

 

Qeyd edək ki, açılış mərasimi və püşkatması bu gün olacaq yarışda ilk tur sabah oynanılacaq. Avqustun 14-də başa çatacaq Olimpiadada qaliblər 11 turun yekununa əsasən dəqiqləşəcək. Ayın 7-də və 13-də şahmatçılar istirahət edəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.