13:25 02-08-2014
news_image
881
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov kubokunun sahibi müəyyənləşdi - FOTO

Ömrünün 28-ci ilində dünyasını dəyişən görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, iyulun 24-də - mərhum şahmatçının ad günündə start götürən turnirdə 12 yaşadək şahmatçılar mübarizə aparıblar. 

 

Tədbir iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabana gələrək məşhur qrossmeyster Həşimovun xatirəsini ehtiramla yad ediblər. Turnirin bağlanış mərasimində çıxış edənlər yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıblar. 

 

Daha sonra şahmatçımız Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb. 

 

Gərgin idman mübarizə şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalxıb. Vüqar Həşimov kuboku ilə təltif olunan Qarayev, eyni zamanda, Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb. Gümüş medalın qalibi eyni xalı toplayan Rəvan Əliyev olub. O, “Baku Open - 2014” beynəlxalq turnirinə vəsiqə qazanıb. Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə “Naxçıvan Open - 2015” beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib.

 

Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər təltif ediliblər. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.
9 turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 94 yeniyetmə şahmatçı mübarizə aparıb.