15:36 02-08-2014
news_image
1007
DİGƏR NÖVLƏR

Larsson idmançımıza həsəd apardı

Danimarkada atçılığın konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı “Kornus VA” , “Carvin” və “Sir Poldi-3” ləqəbli atlarla milli komandamızın üzvü Andre Şröder təmsil edir.

 

Çaparımız öncə “Kornus VA” ləqəbli atla 115 sm-lik maneələri dəf edib. Yerli idmançıların fəallıq göstərdiyi turnirdə Şröder bütün rəqiblərini qabaqlayaraq birinci olub. Turnirdə ikinci və üçüncü yerləri danimarkalı idmançılar, müvafiq olaraq, “Fortuna” ləqəbli atla Emili Luise Velsbi və “Azalea” ləqəbli atla Mixael Ertman Henriksen tutublar.

 

O, hündürlüyü 135 sm olan maneələri dəf etmə yarışlarında da qüvvəsini sınayıb. Bu dəfə Şröder “Sir Poldi-3” ləqəbli atla mübarizə aparıb. İdmançımız yenə fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Yarışda ikinci yeri “Jonni B” ləqəbli atla isveçli Yorqen Larsson tutub. “Herzblatt 25” ləqəbli atla almaniyalı Kasandra Orşel isə 3-cü olub.

 

Nəhayət turnirin üçüncü yarışı 140 sm-lik maneələrə qarşı olub. Həlledici yarışa “Sir Poldi -3” ləqəbi atla qatılan Andre Şröder bu dəfə də bütün rəqiblərini qabaqlayaraq, qələbəni bayram edib. 140-sm-lik maneələrə qarşı yarışlarda ikinci pilləni “Saltona” ləqəbli atla yeni zellandiyalı Bruce Qudin, üçüncü pilləni isə “Acantya” ləqəbli atla almaniyalı Kasandra Orşel tutub.

 

Qeyd edək ki, yarışlar avqustun 3-dək davam edəcək.