17:04 02-08-2014
news_image
1077
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında əcnəbi hakimlər

Avqustun 6-7-də idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə - Azərbaycan və Bakı çempionatı təşkil olunacaq. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, ötən illərdən fərqli olaraq, bu dəfə üçlü yarış daha da genişlənərək 4 növ üzrə keçiriləcək.

 

Çempionatda idman gimnastı, AVRO-2014-ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına paralel qollarda “uçuş”lar, tir üzərində “döngə”lər, həmçinin dayaqla tullanma və sərbəst hərəkətlərdə öz ustalıqlarını nümayiş etdirəcək.

 

Bu yarışlarda ümumi 80 idmançı iştirak edəcək. Onlar 4 idman cəmiyyətini – Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonu İdman Məktəbi və “Neftçi” cəmiyyətini təmsil edəcəklər.

 

Çempionatın ilk gününün səhər və gündüz sessiyalarında yunior idman gimnastları, akrobatlar və tamblinqçilər çıxış edəcək, axşama doğru isə ölkə çempionunun adı idman gimnastları arasında səslənəcək.

 

Böyük idman gimnastları - qızıl medala əsas namizədlər sayılan Oleq Stepko və Petr Paxnyuk, o cümlədən akrobatlar və tamblinqçilər arasında çempionlar yarışın ikinci günü bəlli olacaq. Yarışın hər iki günü fasilələr zamanı batut üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə öz ustalıqlarını nümayiş etdirəcəklər.

 

Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət edib. Onlar – Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin 2 üzvü - Mario Vukoya (Xorvatiya) və Dmitri Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorovdur.

 

Qeyd edək ki, çempionat Milli Gimnastika Arenasında keçiriləcək.