13:54 09-08-2014
news_image
643
DİGƏR NÖVLƏR

Dünya çempionatında medal üçün 0,38 saniyə çatmadı

Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə keçirilən dünya çempionatında bu gün Azərbaycan təmsilçiləri növbəti yürüşlərə qatılıblar. Apasport.az saytının xəbərinə görə, günə kanoeçimiz Nikolay Matviyçukun 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə 10 - 18-ci yerlər uğrunda mübarizəsi (B finalı) ilə start verilib.

Matviyçuk finişə 3 dəqiqə 59,425 saniyəyə çataraq, yürüş iştirakçıları arasında 6-cı, ümumi sıralamada isə 15-ci olub. O, italiyalı Serjiu Kratsyun (03:52.244), rusiyalı İlya Ştokalov (03:54.493), fransalı Matyö Qubel (03:55.578), latviyalı Daqnis İlyin (03:56.316) və slovakiyalı Matej Rusnyakdan (03:56.432) geri qaldığı halda, serbiyalı Straxinya Mladejiç (04:12.568) və argentinalı Fakundo Pagiolanı (04:12.623) qabaqlayıb, moldovalı Pavel Rusu isə elə yürüşü sona çatdıra bilməyib. Bu məsafəyə yürüşdə qalib adını finişə 3 dəqiqə 44,578 saniyəyə çatan almaniyalı Sebastyan Brendel əldə edib. Olimpiya və 4 qat Avropa çempionu karyerasında ikinci dəfə dünya çempionluğuna nail olub. Çexiyalı Martin Fuksa 3 dəqiqə 48,180 saniyə nəticə ilə gümüş, macarıstanlı Attila Vayda isə 3 dəqiqə 49,296 saniyə göstərici ilə bürünc medal qazanıb. 

Ardından 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşü başlayıb. Bu məsafədə ölkəmizi Sergey Bezuqlıy - Aleksey Kupin dueti təmsil edib. Təmsilçilərimiz sonadək əzmlə mübarizə aparsalar da, finişə 1 dəqiqə 39,765 saniyəyə çataraq, 4-cü yeri tutublar. Onlar bürünc mükafata sahib olan kubalı Serquey Torres Madriqal və Roleksis Baes Aviladan cəmi 0,38 saniyə geri qalıblar. Dünya çempionu adını 1 dəqiqə 35,829 saniyə nəticə ilə rusiyalı Aleksey Korovaşkov - İvan Ştıl dueti əldə edib. Rumıniyalı Liviu Aleksandru Lazar Dumitresku - Viktor Mixalaki dueti (01:38.381) gümüş medala sahib olub. 

Azərbaycanlı duetin geridə qoyduğu rəqiblər isə macarıstanlı Henrik Vasbanyay - Robert Mike (01:40.180), belaruslu Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (01:40.955), ukraynalı Dmitri Yançuk - Taras Mişçuk (01:41.319), italiyalı Nikolae Kratsyun - Daniele Santini (01:42.271) və almaniyalı Robert Nuk - Ştefan Holts (01:51.304) cütlükləri olub.       

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti