13:39 13-08-2014
news_image
2334
DİGƏR NÖVLƏR

Olimpiada başlayır: Yığmamız rekord arzusunda

Sabah Çinin Nanjinq şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, 14-18 yaşlılar arasında baş tutacaq Olimpiadaya 204 ölkədən 3600 idmançı qatılacaq.

 

Onlar 28 idman növündə 222 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan isə bu idman növlərindən 9-də təmsil olunacaq. Nanjinq-2014-də güləş, taekvondo, boks, üzgüçülük, atletika, akademik avarçəkmə və cüdo yarışlarında 21 təmsilçimiz ölkəmizin himnini səsləndirməyə çalışacaqlar.

 

Bu, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunları ilə müqayisədə rekordumuzdur. Çünki həmin vaxt yığmamız Asiyaya 6 növdə (güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo və kanoe) 12 idmançı ilə qatılmışdı. Komandamız Sinqapurda 5 qızıl və 3 gümüş medal qazanmışdı ki, mütəxəssislər bu dəfə mükafat sayında da rekord vuracağımız qənaətindədir.

 

Nanjinq-2014-ə aşağıdakı heyətlə gedir:

Teymur Məmmədov, sərbəst güləş (63 kq)
İqbal Hacızadə, sərbəst güləş (100 kq)
Leyla Qurbanova, qadın güləşi (52 kq)
Cabbar Nəcəfov, yunan-Roma güləşi (50 kq)
İslambek Dadov, yunan-Roma güləşi (69 kq)
Səid Quliyev, taekvondo (73 kq)
Gülhanım Yeşildağ, taekvondo (55 kq)
Ceren Özbek, taekvondo (44 kq)
Safiye Polat taekvondo (49 kq)
Məhəmmədəli Tahirov, boks (+91 kq)
Rüfət Hüseynov, boks (49 kq)
Məsud Yusifzadə, boks (52 kq)
Elvira Həsənova, üzgüçülük, sərbəst üsulla
Nazim Babayev, atletika, 3 təkanla tullanma
Benafeta Hadiyes, qaçış, 3000 metr
Yelena Qladkova, atletika, şüvüllə tullanma
Boris Yotov, akademik avarçəkmə
Natiq Qurbanlı, cüdo (55 kq)
Leyla Əliyeva, cüdo  (44 kq)

Ürfan Axundov, güllə atıcılığı (10 m)

Suğraxanım Müqabilzadə, kamandan oxatma

 

Qeyd edək ki, Olimpiadada rəsmi açılış avqustun 16-da olacaq. Lakin sabahdan futbol yarışları başlayacaq. Oyunların bağlanış mərasimi avqustun 28-nə planlaşdırılıb. Tədbirdən bir gün öncə isə bütün mükafatlar öz sahibini tapacaq.