19:48 14-08-2014
news_image
3780
STOLÜSTÜ OYUNLAR

Əlavə əmsallar tarixi şansımızı qaçırdı - YENİLƏNİB

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milliləri yarışı mükafatsız başa vurublar.

 

Sonuncu – XI turda kişilərdən ibarət Azərbaycan yığması medalın bir addımlığında olsa da, tarixi şansı qaçırıb. Daha doğrusu, buna onların əsas izləyiciləri imkan verməyiblər.

 

Belə ki, Aleksandr Xolifmanın kapitanı olduğu komandamız axırıncı turda lazım olan vacib qələbəni qazanıb. Onlar Şəhriyar Məmmədyarovun sayəsində ABŞ-la mübarizədən qalib ayrılıblar. Lakin yekunda 4 komandanın xalları bərabərləşib və əlavə əmsallar millimizin Olimpiadada ilk medalını qazanmasına əngəl olub. Yığmamızla eyni xal toplayan Macarıstan və Hindistan müvafiq olaraq, gümüş və bürünc mükafatlara sahib olublar. Azərbaycan kimi 17 xal yığan Rusiya isə 4-cü olduğundan, təmsilçimiz 5-ci yerlə kifayətlənib. Qalib adı isə Çin şahmatçılarına qismət olub.   

 

Orta reytinqinə əsasən 22-ci olan qadınlardan ibarət millimizin də yarışı ilk “onluq”da bitirmək şansı olub. Lakin onlar bundan yaralana bilməyib. Son görüşlərini qələbə ilə başa vuran komandamız Polşa ilə matçda böyükhesablı məğlubiyyətə üzülüb və 23-cü yeri tutub.

 

Qadınlar arasında Olimpiya çempionu adına isə Rusiya millisi layiq görülüb. Onlar ardıcıl 3-cü dəfə hamıdan güclü olduqlarını sübuta yetiriblər. Gümüş medallar Çin yığmasına qismət olduğu halda, bürünc medala Ukrayna şahmatçıları sahib çıxıblar.

 

Qeyd edək ki, növbəti Olimpiada 2016-cı ildə Bakıda keçiriləcək. 

 

14 avqust
XI tur
Kişilər

 

AZƏRBAYCAN – ABŞ - 2,5:1,5

Şəhriyar Məmmədyarov (2743) – Hikaru Nakamura (2787) - 1:0
Teymur Rəcəbov (2724) – Qata Kamski (2706) - 0,5:0,5
Rauf Məmmədov (2659) – Aleksandr Onişuk (2659) - 0,5:0,5
Eltac Səfərli (2649) – Samuel Şahkland (2624) - 0,5:0,5

 

Yekun turnir cədvəli: 1. Çin – 19; 2. Macarıstan, 3. Hindistan, 4. Rusiya, 5. Azərbaycan  – 17

 

Qadınlar

 

AZƏRBAYCAN – POLŞA - 0,5:3,5

Zeynəb Məmmədyarova (2229) – Monika Socko (2470) - 0:1
Gülnar Məmmədova (2334) – Yolanta Zavadka (2398) - 0,5:0,5
Xəyalə Abdulla (2286) – Karina Şepkovska-Horovska (2380) - 0:1
Türkan Məmmədyarova (2274) – Marta Bartel (2359) - 0:1

 

Yekun turnir cədvəli: 1. Rusiya – 20; 2. Çin, 3. Ukrayna - 18; 23. Azərbaycan - 14