20:30 15-08-2014
news_image
1017
DİGƏR NÖVLƏR

Qəbələdə 81 min dollarlıq yarışa start verildi

Bu gün Qəbələdə start götürən stend atıcılığı üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq Qran-Pri turnirinin rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev yarışın əhəmiyyətindən danışıb.

 

O bildirib ki, ölkəmizdə Olimpiya növlərinin yüksək inkişafı dünya ictimaiyyətinin diqqət mərkəzindədi: “Azərbaycan prezidenti İlham Əliyevin idman göstərdiyi diqqət və qayğı, sürətlə aparılan quruculuq işləri, regionlarda idmanın inkişafına yaradılan münbit şərait, əldə olunan nailiyyətlər beynəlxalq idman qurumlarının ölkəmizə etimadının artırılması ilə nəticələnib. Stend atıcılığı Azərbaycanda populyar idman növüdü və bu növdə qazanılan uğurlar yeniyetmələrdə də xüsusi maraq yaradıb”.

 

Babayev vurğulayıb ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasında olan turnirə Azərbaycanın ilk dəfə ev sahibliyi etməsi ölkəmizdə stend atıcılığının inkişafına güclü təkan verəcək.

 

Ardınca Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, millimizin baş məşqçisi Hafiz Cəfərov ölkəmizdə ilk dəfə keçirilən yarışın davamlı olmasını arzulayıb. O bildirib ki, təşkilatçılıq yüksək səviyyədədir və indidən noyabrda Qəbələdə təşkil olunacaq Dünya Kubokuna hazırlıq işləri də bitib.

 

Daha sonra “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov belə bir yarışı təşkil etdikləri üçün fəxr etdiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın, regionlarımızın belə mötəbər yarışlara ev sahibliyi etməsi ulu öndər Heydər Əliyevin, onun davamçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

 

“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə baş tutan Qran-prinin açılış mərasimi daha sonra bədii hissə ilə davam etdirilib.

 

Qeyd edək ki, avqustun 21-də başa çatacaq Qran-pridə yığmamızla yanaşı, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistandan 150-yə yaxın snayper dairəvi və səngər stend növləri üzrə öz dəqiqliklərini yoxlayacaqlar.

 

Azərbaycanı yarışda Olimpiya çempionu Zemfira Meftahətdinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur təmsil edəcəklər.

 

Turnirin ümumi mükafat fondu 81 min ABŞ dollarıdır.