08:18 18-08-2014
news_image
674
DİGƏR NÖVLƏR

İlk gündə 3 medal

Nanjinqdə keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları Azərbaycan millisi üçün uğurla start götürüb. Apasport.az saytının məlumatına görə, avqustun 17-də yığmamızın 3 idmançısı fəxri kürsüyə yüksəlməyi bacarıb.

 

Belə ki, cüdoçularımızdan Leyla Əliyeva (44 kq) mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, Adiya Saiyniyə (Qazaxıstan) qalib gəldikdən sonra yarımfinalda Anastasiya Turçevaya (Rusiya) da heç bir şans verməyib. Lakin Əliyeva inamlı çıxışını finalda davam etdirə bilməyib. Təmsilçimiz türkiyəli Melisa Çakmaklıya uduzaraq, gümüş medalla kifayətlənib.

 

Əliyeva kimi digər cüdoçumuz Natiq Qurbanlı (52 kq) da fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, yarımfinalda Yorre Verstraetenə (Belçika) qalib gəldikdən sonra həlledici qarşılaşmada Bavrjan Jauyntayevə (Qazaxıstan) məğlub olub.

 

Yığmamıza 3-cü medalı taekvondoçumuz Çeren Özbək (44 kq) qazandırıb. Milliləşdirilmiş legionerimiz ilk 2 görüşündə Brenda Lua Orteqa (Meksika) və Abiqail Stones (Böyük Britaniya) üzərində qələbə qazanıb. Lakin Özbək də finalda məğlub olub. Tailandlı Panipak Vonqrattanakit idmançımızın çempion olmasına imkan verməyib.

 

Onlardan fərqli, Elvira Həsənova mübarizəni mükafatsız başa vurub. Həmyerlimiz 200 m məsafəni 2:33,52 saniyəyə dəf edib ki, bu da onun finala yüksəlməsinə imkan verməyib.

 

Qeyd edək ki, Azərbaycan millisi avqustun 28-dək davam edəcək Olimpiadaya 19 idmançı ilə yollanıb.