12:08 20-08-2014
news_image
718
DİGƏR NÖVLƏR

Azərbaycan avarçəkmə növləri üzrə ilk olimpiya medalını qazandı

Azərbaycan ilk dəfə avarçəkmə növləri üzrə olimpiya medalı qazanıb. Apasport.az saytının xəbərinə görə, bu uğura Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkən Boris Yotov imza atıb. 

18 yaşlı idmançı 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq, gümüş medal qazanıb.

Əvvəllər ölkəmiz olimpiadalarda avarçəkmə növləri üzrə 2 dəfə təmsil olunub. 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoeçimiz Radoslav Kutsev 5-ci yerlə kifayətlənib. 2012-ci il London Yay Olimpiya Oyunlarında Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 4-cü, akademik avarçəkənimiz Aleksandr Aleksandrov 5-ci yeri tutub.
 

Qeyd edək ki, Yotov cəmi 18 yaşının olmasına baxmayaraq, böyüklər arasında da nüfuzlu yarışlara qatılır. O, hətta 2 ay öncə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə Yotov Çindən birbaşa Hollandiyanın paytaxtı Amsterdama yollanacaq. Təmsilçimiz avqustun 24-də start götürəcək dünya çempionatına qatılacaq.