13:06 22-08-2014
news_image
1814
DİGƏR NÖVLƏR

Qəbələdə Azərbaycan rekordu yeniləndi

Qəbələdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş stend atıcılığı üzrə beynəlxalq Qran-Pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ölkəmizin atıcılıq idman tarixində ilk dəfə keçirilən yarış “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı və Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə gerçəkləşib.

 

Turnirdə Azərbaycan, Avstraliya , Böyük Britaniya, İtaliya, Rusiya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, Küveyt, Qazaxıstan, Qətər və Özbəkistan nümayəndələri mübarizə aparıblar. Azərbaycanın idman şərəfini Olimpiya çempionu Zemfira Meftahətdinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu  Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, eləcə də Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları qoruyublar. 

 

Mükafat fondu 81 min ABŞ dolları olan turnirdə 150-yə yaxın idmançı dairəvi və səngər stend  növləri üzrə mübarizə aparıblar. Turnirin ilk günündə, dairəvi stend üzrə yarışlarda qadınlar çıxış ediblər. Turnirin ilk qızılını Rusiya təmsilçisi Svetlana Dyomina qazanıb. Hədəfləri atmaqda final iştirakçılarının hamısını üstələyən snayper fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Olqa Panarina gümüş, Böyük Britaniya təmsilçisi Yelena Allen isə bürünc medala layiq görülüb. Bu yarışlarda qüvvəsini sınayan təmsilçilərimiz Zemfira Meftahətdinova 9-cu, Nurlana Cəfərova isə 8-ci nəticə göstərib. 

 

Tamaşaçılar qadınların səngər stendi növü üzrə yarışlarında da gərgin mübarizənin şahidi olublar. Bu yarışlarda qızıl medala Qazaxıstan təmsilçisi Mariya Dmitriyenko yiyələnib. Gümüş medal Qətər atıcısı Əl-Xələf Xoloidə, bürünc mükafat isə Finlandiya təmsilçisi Makella Numella Satuya nəsib olub. Bu yarışda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun idmançısı Alina Rafixanova 7-ci yerlə kifayətlənib.  

 

Dairəvi stend üzrə kişilərin mübarizəsində Böyük Britaniya nümayəndəsi Rory Varlov hamıdan dəqiq olub və turnirin qızıl medalını boynundan asıb. İkinci yeri Qətər nümayəndəsi Rəşid Hamad, üçüncü yeri Aleksadr Yeçşenko tutub. Səngər stendi üzrə yarışlarda isə fəxri kürsünün ən yüksək pilləsinə qazaxıstanlı Viktor Kasyanov qalxıb. Gümüş medala rusiyalı Olimpiya çempionu Aleksey Alipov, bürünc medala avstraliyalı Jeyk Vallayk layiq görülüb. Bu növdə ölkəmizi təmsil edən "Qəbələ" İdman Klubunun vitse-prezidenti, eyni zamanda peşəkar atıcı olan Elvin İsmayılov fərqlənib. O, səngər stendi üzrə Azərbaycan rekordunu yeniləyərək, bu yarışda finala qədər yüksəlib və yarışı 5-ci yerdə başa vurub. 

 

Yarışların rəsmi bağlanış mərasimində "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Avropa Atıcılıq Konfederasiyasının nümayəndələri Petros Kirites və Villhelm Qril də iştirak ediblər.