14:31 26-08-2014
news_image

Nanjinqdə 9-cu medal

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə 9-cu medalı güləşçimiz Leyla Qurbanova qazandırıb. Apasport.az saytının məlumatına görə, 15 yaşlı idmançımız yarışı ikinci pillədə başa vurub.

 

Belə ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Qurbanova ilk görüşünü kanadalı Tianna Kennetə qarşı keçirib. O, rəqibini xalçaya çıxmağa peşman edib və 10:0 hesabı ilə qələbə qazanıb.

 

Növbəti qarşılaşma Leyla üçün çox gərgin alınıb. Lakin həmyerlimiz inamlı çıxış sayəsində ukraynalı Alyona Kremzerin yarımfinala yüksəlməsinə imkan verməyib – 2:1.

 

Ardıcıl 2 qələbə Qurbanovanı daha da ruhlandırıb və güləşçimiz finala gedən yolda Salvador təmsilçisi Aparicio Vasquezin kürəyini vaxtından öncə yerə vurub. 

 

Təəssüf ki, o, qələbə seriyasını davab etdirə bilməyib. Həlledici qarşılaşmada Mayu Mukaida (Yaponiya) ilə güləşən Qurbanova 3:9 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

 

Qeyd edək ki, Qurbanovadan öncə İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medalla kifayətlənmişdilər.