15:45 28-08-2014
news_image
815
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı dünya çempionatının yarımfinalında!

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən akademik avarçəkmə üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin məlumatına görə, mükafatlar uğrunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da var.

1/4 finalda 24 yaşlı avarçəkən 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəni 7 dəqiqə 15,820 saniyəyə qət edərək, yürüşün qalibi olub. O, kanadalı Julyen Bahen (07:19.620), isveçrəli Barnabe Delarze (07:22.450), çinli Qanq Qanq Li (07:24.930), meksikalı Xuan Karlos Kabrera (07:26.900) və argentinalı Brayan Rossonu (07:42.370) üstələməyi bacarıb. Aleksandrov ilk "3-lüy"ə düşən kanadalı və isveçrəli idmançılarla birgə yarımfinala yüksəlib. Növbəti mərhələ yürüşləri avqustun 29-da olacaq.

1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə 1/4 final yürüşünə qatılan Cavid Əfəndiyev isə əsas yarımfinallara vəsiqə qazana bilməyib. Finişə 7 dəqiqə 25,840 saniyəyə çatan Əfəndiyev 4-cü yeri tutub. İlk "3-lüy"ə düşən almaniyalı Lars Hartiq (07:13.670), İrlandiyalı Paul O Donovan (07:14.760) və danimarkalı Steffen Yensen (07:25.840) yarımfinala yüksəlib. Əfəndiyev ən yaxşı halda 13-cü yer uğrunda mübarizə apara bilər.

Nəhayət, 2 nəfərlik sükansız qayıqla (M2-) 2000 metr məsafəyə təsəlli yürüşündə İqor Luçiç - Luka Corceviç dueti finişə 7 dəqiqə 16,410 saniyəyə çata bilib. Bu nəticə ilə 3-cü olan duetimiz ilk 2 yerdən birini tuta bilmədiyindən, mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Onlar 13-cü yer uğrunda yarımfinal yürüşündə isə finişə 6 dəqiqə 56,750 saniyəyə çataraq, 1-ci olublar. Təmsilçilərimiz C finalında çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatına avqustun 31-də yekun vurulacaq.