15:27 06-09-2014
news_image
1784
STOLÜSTÜ OYUNLAR

Azərbaycan klubları Avropa çempionatı üçün heyətlərini açıqladılar

Azərbaycanın SOCAR və “Odlar Yurdu” şahmat klublarının Avropa çempionatında iştirak edəcək heyətləri məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı komandaları ötən illə müqayisədə heyətdə 3 dəyişiklik ediblər.

 

Belə ki, 2012-ci ildə Avropa çempionu titulunu qazanan SOCAR sentyabrın 13-20-də İspaniyanın Bilbao şəhərində keçiriləcək yarışda Teymur Rəcəbov (2717), Şəhriyar Məmmədyarov (2756), Aniş Qiri (2758), Anton Korobov (2673), Van Hao (2730), Eltac Səfərli (2655), Mixael Adams (2752) və Veselin Topalova (2784) güvənəcək.

 

Komandada Korobovla Adams Fabiano Karuana və Qata Kamskini əvəz edəcək. SOCAR-ı görüşlərə kapitan kimi Vladimir Tukmakov çıxaracaq.

 

Təxminən 65 klubunun (54 kişi, 11 qadın) qatılacağı qitə birinciliyində “Odlar Yurdu”nun şərəfini isə Qədir Hüseynov (2615), Rauf Məmmədov (2660), Nicat Məmmədov (2624), Vasif Durarbəyli (2614), Vüqar Rəsulov (2514), Nicat Abasov (2527), Ülvi Bacarani (2483) və Emil Sutovski qoruyacaqlar.

 

Azərbaycanlı şahmatçılardan təşkil olunan komandada Bacarani debütantdır. O, ötən il heyətdə yer alan Zaur Məmmədovu əvəzləyəcək. Bakıda doğulan, lakin yeganə legioner olan Sutovski isə kapitan funksiyasını davam etdirəcək.

 

Qeyd edək ki, yarışın qalibi 7 turun yekununda bilinəcək.