19:04 09-09-2014
news_image
5445
DÖYÜŞ NÖVLƏRİ

Əliyev dünya çempionu oldu, Qazyumov finalda uduzdu

Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə fiaskoya uğrayan Azərbaycan millisinin bu gün daha 4 idmançısı mübarizəyə qoşulub.

Belə ki, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər nəyə qadir olduqlarını göstəriblər.

 

Sərbəst güləş
61 kq

Hacı Əliyev mundiala 1/16 finaldan start verib. O, ilk görüşündə Vasil Şuptarla (Ukrayna) üz-üzə gəlib və rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 14:2. Əliyevin ikinci qarşılaşması da asan alınıb. Həmyerlimiz polşalı Kristof Bienkovski üzərində təmiz qələbə qazanıb – 10:0. Hacı 1/4 finalda Andrey Perpelitaya (Moldova) da layiqli müqavimət göstərib - 11:0.

 

Güləşçimiz finala gedən yolda kubalı Yovlis Bonne ilə münasibətinə aydınlıq gətirib. 5 ay öncə Avropa çempionu titulunu qazanan Əliyev mərkəzi amerikalının da zəif olduğunu sübuta yetirib - 4:2. Hacı həlledici qarşılaşmada Məsud Mahmud Espailpurjuybari ilə qarşılaşıb. Rəqibinə qarşı ciddi müqavimət göstərən Əliyev görüşü 12:7 hesabı ilə xeyrinə başa vuraraq, dünya çempionu tituluna yiyələnib. Qızıl medal həm də yığmamızın Daşkənddəki mundialda ilk mükafatı olub.

65 kq
Milliləşdirilmiş legioner Məhəmməd Müslümovun da ilk qarşılaşması 1/16 finala təsadüf edib. Vilson Ndregjoni (Albaniya) ilə qarşılaşan pəhləvanımız rəqibini mübarizədən kənarlaşdırmaqda çətinliklə üzləşməyib – 10:0. O, ardınca Bazar Bazarquliyevə (Qırğızıstan) də qalib gələrək (10:2), daha bir mərhələ irəliləyib. Müslümov 1/4 finalda Mustafa Kaya (Türkiyə) ilə güləşib və 0:10 hesabı ilə uduzub. Qonşu ölkənin güləşçisi finala çıxa bilmədiyindən, təmsilçimiz mundialı tərk edib.

 

74 kq

Əşrəf Əliyev 1/16 finalda italiyalı Karmelo Lumianı sınağa çəkib və 11:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. O, ikinci görüşündə də xalçanı qalıb tərk edib. Əliyev iranlı Əlirza Əfzəlipaymamini gərgin keçən mübarizədə üstələyərək (6:4), 1/4 finala vəsiqə qazanıb. Əşrəf yarımfinala gedən yolda gürcüstanlı Jumber Kvelaşvili ilə qüvvəsini sınayıb. Lakin təmsilçimiz qələbə seriyasını davam etdirə bilməyib. Rəqib 9:5 hesablı qələbə sayəsində mərhələ adlayıb. Kvelaşvili növbəti görüşündə uduzduğundan, Əliyev mundialla vidalaşıb.


97 kq

Milliləşdirilən legionerlərdən Xetaq Qazyumov 1/16 finalda Nikolay Çebanla (Moldova) güləşib. Rəqibinə heç bir şans verməyən təmsilçimiz 6:0 hesabı ilə qalib gəlib. Qazyumovun 1/8 finalda rəqibi Elizbar Odikadze (Gürcüstan) olub. Veteran güləşçi çətinliklə də olsa (2:1) növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda monqolustanlı Xuderbulqa Dorjhandı da xalçaya çıxmağa peşman edib - 6:0. Xetaq yarımfinalda Valeri Andreyetsevin gücünü yoxlayıb. Təmsilçimiz bu qarşılaşmanı da xeyrinə başa vuraraq (5:1), finala yüksəlib. O, qızıl uğrunda görüşdə rusiyalı Abdusalam Qadisovla üz-üzə gəlib və uduzaraq, yarışı bürünc medalla başa vurub.