11:59 09-09-2014
news_image
535
DİGƏR NÖVLƏR

"Məsuliyyətim xeyli artıb" - FOTO

Slovakiyanın Dubnitsa şəhərində velolsiped idmanının şose növü üzrə gənclər arasında ənənəvi “Beynəlxalq Velosiped günü” adlı yarış keçirilib. Apasport.az saytının məlumatına görə, sayca 51-ci dəfə təşkil olunan turnirdə Azərbaycanın gənclərdən və 17 yaşadək idmançılardan ibarət yığma komandalarının üzvləri də çıxış edib.

 

10-dan artıq ölkənin 95 velosipedçisinin iştirak etdiyi yarışda təmsilçilərimizdən ən yüksək nəticəyə Elgün Əlizadə imza atıb. Bu ilin iyulunda İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yeri tutmaqla diqqət mərkəzinə düşən gənclər yığmamızın üzvü 2 günlük yarışın ən yaxşı dağ velosipedçisi adına layiq görülüb. O, 3 mərhələli yarışda 12 xal toplamaqla dağ mərhələlərində hamıdan yaxşı çıxış edib və ən yaxın izləyicisini 2 xal qabaqlayıb.

 

Bu il sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da iştirak edəcək velosipedçimiz mötəbər yarışda da uğurla çıxış edəcəyinə inanır: “Dünya çempionatından öncə iştirak etdiyimiz yarışlar bizə ilin ən böyük turnirinə yaxşı hazırlaşmaq imkanı verir. Builki Avropa çempionatından sonra məsuliyyətim daha da artıb və hər zaman yanımızda olan, bizə dəstək verən federasiya rəhbərliyinin, məşqçilərin etimadını doğrultmaq üçün əlimdən nə gəlirsə, etməyə çalışacam”.