Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb. Yığmamız 3 çəkidə dərəcəsində təmsil olunub və günü 2 medalla başa vurub.
Sərbəst güləş
Qadınlar
48 kq
Medal ümidlərimizdən olan milliləşdirilmiş legionerimiz Mariya Stadnik ilk görüşünü 1/16 finalda böyük britaniyalı Yana Rattiqana qarşı keçirib və qarşılaşmanı xeyrinə bitirib – 11:0. O, ardınca Çun Leylə (Çin) gücünü yoxlayıb və bu dəfə də rəqibinə xal vermədən mərhələ adlayıb - 7:0. Üçüncü mərhələ də dünya və Avropa çempionumuz üçün asan alınıb. O, argentinalı Patrisiya Bermudes üzərində layiqli qələbə qazanıb - 10:0. Olimpiya mükafatçımız yarımfinalda İvona Matkovska (Polşa) ilə güləşib. Təəssüf ki, Stadnik qələbə seriyasını davam etdirə bilməyib və gözlənilmədən uduzub - 3:5.
Buna baxmayaraq, millimizin lideri bürünc medal uğrunda mübarizə aparıb. Emiliya Vuçla (Rumıniya) qarşılaşan Mariya görüşün taleyini ilk hissədəcə həll edərək (11:0), bürünc medala sahib olub.
60 kq
Digər milliləşdirilmiş legionerimiz Yuliya Ratkeviç birinci mərhələni sərbəst keçirib. O, 1/8 finalda Malin Yohanna Mattssonla (İsveç) üz-üzə gəlib və xalçanı qalib kimi tərk edib - 4:3. Dünya çempionumuz növbəti mərhələlərdə Kristina Fazzari (Kanada) və Taybe Yusseynə (Bolqarıstan) də gücünü göstərib. O, müvafiq olaraq, 8:4 və 11:8 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Həlledici görüşdə Ratkeviç Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşıb. O, ilk hissəni 3:2 hesabı ilə xeyrinə başa vursa da, ardınca rəqib fəallaşıb və 12:3 hesabı ilə qalib gəlib. Yuliya isə gümüş medalla kifayətlənib.
69 kq
Daha 1 legionerimiz - Nadya Sementsova da mundiala uğurla başlayıb. O, ilk cəhddəcə moldovalı Svetlana Sayenkonu məğlub edib – 4:1. Sementsovanın 1/8 finalda rəqibi Erszebet Yets (Kanada) olub. Lakin təmsilçimiz onunla bacarmayıb - 9:12. Yets növbəti görüşdə uduzduğundan Nadya bürünc medal şansını da itirib.
Qeyd edək ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Komandamız mundialı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.