23:31 15-09-2014
news_image
843
DİGƏR NÖVLƏR

Tişenko turnirində 3 qızıl və 2 bürünc medal

Rusiyanın Omsk şəhərində 2 qat Olimpiya, dünya və Avropa çempionu Aleksey Tişenkonun şərəfinə beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan komandaları mübarizə aparıb.

 

Seçmə komandamız turniri 3 qızıl və 2 bürünc medalla başa vurub.

 

49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Rusiyanı təmsil edən Yeprem Qriqoryanı məğlub edərək, 1-ci yerə layiq görülüb.

 

Azərbaycan çempionatının mükafatçısı İbrahim İbrahimov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Qırğızıstan idmançısı Kanatbek Abduvahabovu üstələyib.

 

Gənclər arasında dünya birinciliyinin mükafatçısı Pərviz Bağırov da (69 kq) məşqçilərin etimadını doğruldub. Həmyerlimiz finalda Omsk boksçusu Arman Kurmanalinov üzərində qələbə qazanıb.

 

Digər boksçularımızdan Tural Əhmədov (56 kq) və İman Əhmədli (64 kq) 3-cü yerlə kifayətləniblər. Komandamızdan yalnız Elvin İsayev (60 kq) mükafatçılar sırasına düşə bilməyib.