13:07 16-09-2014
news_image
1391
DİGƏR NÖVLƏR

Elgün Əlizadə İtaliyada 3-cü oldu

Azərbaycanın şose velosipedi üzrə gənclərdən ibarət yığma komandası İtaliyada keçirilən 1 günlük "Valli Del Natisone" Gran-Prisində uğurla çıxış edib. Apasport.az saytının məlumatına görə, 120 km-dən ibarət marşrutu ilk üçlükdə başa vuranlar arasında gənclər yığmamızın üzvü Elgün Əlizadə də var.

 

O, məsafəni 2 saat, 47 dəqiqə, 40 saniyəyə qət edib və yarışın qalibi ilə eyni nəticəyə imza atmaqla fotofinişə əsasən 3-cü yeri tutub. Ümumilikdə isə yürüşdə qitənin 10-dan artıq ölkəsinin 111 gənc velosipedçisi çıxış edib.

 

Qeyd edək ki, bu il olduqca stabil çıxış edən Əlizadə iyulda İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yer tutmaqla Azərbaycan velosiped idmanı tarixində hələ ki ən yüksək nəticəyə imza atıb və bununla da mütəxəssislərin diqqətini özünə cəlb edib.

 

Bundan başqa, bu yaxnlarda Xızıda keçirilən cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatının qalibi olan velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq. Məsul yarış öncəsi yığma komanda üzvlərinin İtaliya və Sloveniyada həm təlim-məşq toplanışlarının təşkili, həm də bu cür yarışlarda iştirakı isə dünya çempionatında uğurlu çıxışa hesablanıb.