10:58 29-09-2014
news_image
803
TOP OYUNLARI

DÇ-2014: Yığmamızın oyunçuları ən yaxşılar arasında

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında I qrup mərhələsinin ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, fərqlənənlərin ilk “onluğun”da Azərbaycan millisinin də oyunçuları yer alıblar.

 

Belə ki, bombardirlər siyahısına başçılıq edən Polina Rəhimova hücumların faizinə əsasən 31-ci yerdədir. 120 xaldan 100-ünü hücumla qazanan təmsilçimiz orta hesabla 39,53 faiz məhsuldarlıq nümayiş etdirib.

 

Bu cədvəldə birinci pillədə braziliyalı Jaklin Karvalyo qərarlaşıb. O, hücumlarının 59,02 faizini dəqiq tamamlayıb.

 

Blokçuların mübarizəsində çinli Tinq Ju bütün rəqiblərindən öndədir. Qrup mərhələsində rəqibimiz olan asiyalı 18 dəfə komandasına blokdan xal qazandırıb ki, bu da hər setə orta hesabla 1,06 faizdir. Siyahıda Azərbaycan millisinin oyunçusu Kseniya Kovalenko 4-cüdür. Voleybolçumuz orta hesabla hər hissədə 0,85 faiz dəqiqlik göstərib – 17 xal.

 

Topu oyuna daxil edənlərin siyahısında da Rəhimova ən yaxşımızdır. Hücumçumuz 9 eyslə (hər setə orta hesabla 0,45) 8-cidir. Servisdə hələlik ən güclü Leys Şarlottedir (Belçika). Onun hesabında 11 top var (0,69).

 

Kapitanımız Oksana Parxomenko toppaylayıcılar arasında 7-ci yerdədir (hər setdə 4,59 faiz). Setterlərin cədvəlinə artıq mübarizəni dayandıran puerto-rikolu Valentin Natalya başçılıq edir – 7,29 faiz.

 

Ən yaxşı müdafiəçilərin yarışında zədədən əziyyət çəkən və buna görə bəzi oyunlarda və ya setlərdə ehtiyatda qalan Oksana Kiselyova ilk “20-likdən” kənar qalıb. 21-ci olan liberomuzda düzgün oyun faizi hər hissəyə görə 2,10-dur. Burada “İstisadçı”nın sabiq üzvü tailandlı Vanna Bukaevadır (5,33). 

 

Topqəbulunda Odina Bayramova yığmamızda hamıdan öndədir. Voleybolçumuz 26,15 faiz dəqiqliklə 19-cüdur. Şinnabe Risa hələlik cədvəldə birincidir. Yaponiyalı voleybolçuda düzgün qəbul 54,13 faizdir.

 

Qeyd edək ki, yığmamız II qrup mərhələsində mübarizəni davam etdirəcək.