10:23 06-10-2014
news_image
1307
TOP OYUNLARI

2 mövqedə birinci – Polina Rəhimova!

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II mərhələsindən sonra ən yaxşıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi tarixinin ən pis nəticəsinə imza atsa da, hücumçumuz Polina Rəhimova mundialda adından söz etdirməyi bacarıb.

 

Belə ki, 24 yaşlı milliləşdirilmiş voleybolçumuz 8 matçın yekununa əsasən bombardirlər siyahısına başçılıq edir. 229 xal toplayan Rəhimov ən yaxın izləyicisi Betanya De La Kruzdan (Dominikan Respublikası) 35 top öndədir. İlk “üçlüyü” isə rusiyalı Tatyana Koşelyeva qapayır.

 

Lakin Azərbaycan yığmasının yarışla vidalaşdığını və Polinanın ən yaxın izləyicilərinin daha 3 matç keçirəcəyini nəzərə alsaq, voleybolçumuzun geri düşəcəyi gözləniləndir.

 

Rəhimova bombardirlər siyahısı ilə yanaşı, topu oyuna ən yaxşı daxil edənlər arasında da birincidir. Hücumçumuzun 18 servisi komandamıza birbaşa xal qazandırıb. Burada bizim kimi mübarizəni dayandıran Leys Şarlotte (Belçika) və Mia Jerkov (Xorvatiya) təmsilçimizdən 3 xal geri qalırlar.

 

Digər mövqelərə gəldikdə, kapitanımız Oksana Parxomenko və liberomuz Oksana Kiselyova hələlik ilk “10-luq”dadır. Onlar müvafiq olaraq, toppaylayıcılar arasında 7-ci (3,51 faiz) və müdafiəçilər arasında 8-cidir (2,97 faiz).

 

Blokçuların yarışında ən yaxşı mövqedə Kseniya Kovalenko qərarlaşıb. Təmsilçimiz 20 xalla 16-cıdır.

 

Top qəbulunda da Kiselyova ən yaxşımızdır. 22 yaşlı oyunçu bu siyahıda 22-cidir.

 

Qeyd edək ki, mundial oktyabrın 12-də başa çatacaq və yekun nəticəyə əsasən bütün nominasiyaların qalibləri bilinəcək.