15:45 08-10-2014
news_image
655
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə: Bu, çox aktual bir məsələdir

“Bu gün əsasən 3 məsələ müzakirə olundu”. Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin (İK) iclasından sonra keçirdiyi brifinqdə deyib.

 

O, qapalı keçən iclasın detallarını açıqlayıb: “Məsələlərdən birincisi MOK-un nəzdində Antidopinq Komissiyasının yaradılması idi. Bu, çox aktual bir məsələdir. Biz qərara gəldik ki, xüsusi bir komissiya yaradaq və bu komissiya MOK-un nəzdində fəaliyyət göstərsin. Artıq xüsusi İşçi Qrupu yaradılaraq, ona komissiyanın nizamnaməsinin səlahiyyətlərini hazırlamaq tapşırıldı. İkinci məsələ 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının əməliyyat direktoru Azad Rəhimovun məruzəsi dinlənildi, yarışa hazırlığın gedişi müzakirə olundu. Son olaraq isə noyabrda Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin Baş Assamleyasına hazırlıq barədə məlumat verildi”.

 

Qeyd edək ki, İK həmçinin, Nanjinqdə keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının 12 medalçısını (5 qızıl, 6 gümüş və 1 bürünc medal) mükafatlandırıb. Ardınca isə gənclər və idman naziri Azad Rəhimov 50 illik yubileyi münasibəti ilə “Olimpiya ordeni” ilə təltif olunub.