12:19 14-10-2014
news_image

Yarışlara yox, uçuruma gedirlər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Astanada keçirilən Qran-pri turnirinin yekununa əsasən açıqlanan siyahı yığmamızın aparıcı üzvləri üçün uğursuz alınıb. Buna komandamızın analoji yarışda iştirak etməməsi səbəb olub.

 

Belə ki, təmsilçilərimizdən ən çox geriləyən Tural Səfquliyev (81 kq) olub. Bir vaxtlar Olimpiya çempionumuz Elnur Məmmədlidən öndə olan cüdoçumuz 10 rəqibini irəli buraxmaqla, 62-ci yerə düşüb. Həmçinin, Tərlan Kərimov (66 kq) 2, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq) və Məhəmmədəli Mehdiyev (81 kq) hərəyə 1 pillə aşağı düşüblər. Onlar müvafiq olaraq, 87-ci, 7-ci, 12-ci, 15-ci və 48-ci yerdədirlər.

 

Uzun müddət 100 kq çəki dərəcəsində reytinq siyahısına başçılıq edən dünya çempionumuz Elxan Məmmədov (100 kq) da geriləyənlər arasındadır. İdmançımız yığmamızın yarışlardan kənar qalması səbəbindən “üçlüyü” tərk edərək, 4-cü yerdə (-1) qərarlaşıb.

 

Komandamızın heyətində yalnız Məmmədovla eyni çəkidə mübarizə aparan Elmar Qasımov (100 kq) irəliləyib. O, mövqeyini yaxşılaşdıraraq, 5-ci pilləyə (+1) qalxıb.

 

Həmyerlilərimizdən Nicat Şıxəlizadə (66 kq), Şahin Qəhrəmanov (90 kq) və Kifayət Qasımova (57 kq) isə mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 10-cu, 25-ci və 23-cüdür.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.