15:33 14-10-2014
news_image
853
TOP OYUNLARI

Polina Rəhimova: Qızıla köklənmişəm

“Karyeramda ilk dəfə ölkə xaricində çıxış edəcəm. Bu mənim üçün həyatımda irəli atılan böyük addımdır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

 

Yığmamızın 24 yaşlı hücumçusu Cənubi Koreyada yeni klubu “Hyundai”inin növbəti mövsüm üçün keçirilən təqdimat mərasimində iddialı danışıb. İtaliyada başa çatan dünya çempionatında adından söz etdirən, 2 qrup mərhələsinin yekununa əsasən 229 xalla bombardir və 18 eyslə topu oyuna ən yaxşı daxil edən Rəhimova Asiya təmsilçinə uğurlar qazanmaq üçün gəldiyini açıqlayıb.

 

O bildirib ki, əsas istəyi legioner kimi ilk cəhdəcə çempionluqdur: “Yeni klubumda qızıl medallar qazanmağa köklənmişəm. Çünki hər bir idmançı yalnız böyük hədəflər barədə düşünməlidir. Əgər idmançı bunu etmirsə, onda idmanla məşğul olmasın. Komandama uğurlar qazanmaqda kömək etməliyəm. Hamımız birgə qarşıdakı mövsümdə nailiyyətlərə imza atmalıyıq”.

 

Gözəl oyunu ilə voleybolsevərlərin daima diqqət mərkəzində olan Polina yerli publikaya da səslənib: “Azarkeşlərimizə də müraciət edirəm. Onları hər bir oyunumuzda görmək, bizə dəstək verməsini istəyirəm”.