15:52 18-10-2014
news_image
582
DİGƏR NÖVLƏR

Ukraynalı idmançı Bakıda hansı problemlə üzləşib? - FOTO

Bu gün paytaxtımızda Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi növü üzrə sınaq yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında baş tutub.

 

Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına layiq görülüb. Sınaq turnirində 10 ölkədən 8 qadın və 19 kişi idmançı iştirak edib və onlar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunub.

 

Qadın velosipedçilər uzunluğu 4,1 km olan zolaq boyunca 6 dövrə vurublar. Məsafəni hamıdan tez qət edən Ukrayna təmsilçisi Yana Belomoyna 1 saat, 24 dəqiqə, 46 saniyə göstərici ilə finişi 1-ci keçib. Sonrakı 2 yeri İsveçrə idmançıları - Katrin Ştirnemann və Linda İnderqand tutub. Onlar çempiona müvafiq olaraq 1 dəqiqə, 13 saniyə və 6 dəqiqə, 35 saniyə uduzublar.

 

"Yol yaxşı, təşkilatçılıq isə olduqca yüksəkdir. Sadəcə, bü gün küləkli hava müəyyən problemlər yaratdı. Amma özümü yaxşı hiss edirdim" - deyə sınaq yarışının qalibi Yana Belomoyna bildrib. Ukraynalı velosipedçi bu qalibiyyətinin onun üçün 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları öncəsi əla stimul olacağını deyib: "Avropa Oyunlarına daha yaxşı hazırlaşacağam. Artıq yolu tanıyır, iqlimə bələdəm. Düzdür, ola bilsin, gələn il marşrut bir az dəyişsin, amma mən hər şeyə hazır olacağam".

 

Kişi velosipedçilər isə qadınlarla müqayisədə bir dövrə artıq məsafə qət ediblər. Üstəlik, onların marşrutu qadınlarla müqayisədə daha çətin olması ilə yadda qalıb. Elə startdaca liderliyi ələ alan İsveçrə idmançıları - Martin Fanqer və Mark Ştuzmann sonadək bu üstünlüyü əldə saxlayıblar. Fanqer 1 saat, 37 dəqiqə, 52 saniyə göstərici ilə finişi birinci keçib. Ondan 42 saniyə geri qalan Ştuzmann 2-ci yeri tutub. İlk üçlüyü isə yunanıstanlı Dimitrios Antoniadis tamamlayıb - 1 saat, 41 dəqiqə, 50 saniyə.

 

"Bakı turnirində uğur qazandığım üçün çox sevinirəm. Yüksək təşkilatçılıq və maraqlı marşrut bu yarışın əsas xüsusiyyətləri kimi mənim yaddaşımda qalacaq. Sərt döngələr və enmə ilə yanaşı, külək də müəyyən problemlər yaratsa da, çətinliyin öhdəsindən gələ bildim" - deyə sınaq yarışının qalibi Martin Fanqer bildirib.

 

Sınaq yarışında iştirak edən Azərbaycan idmançılarının nəticələrinə gəlincə, Aqşin İsmayılov 14-cü, Orxan Məmmədov 18-ci, Murad Sultanov isə 19-ci yeri tutub.