20:17 18-10-2014
news_image
594
DİGƏR NÖVLƏR

Azərbaycanda qapalı velosiped treki tikiləcək

“Biz bu gün möhtəşəm idman bayramına şahidlik etdik. Azərbaycan üçün yeni – dağ velosipedi idmanı üzrə sınaq yarışları keçirildi. Bu yarış “Bakı-2015” ərəfəsində həm velopark, həm də idmançılarımız üçün sınaq oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı-2015” I Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı bitdikdən sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

 

Ələkbərov bu gün təşkil olunan yarışdan sonra bildirib ki, yarış çərçivəsində ölkəmizə təşrif buyurmuş xarici ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparıb: “Ümid edirəm ki, texniki heyət həmin təklifləri nəzərə alacaq. Təkliflər arasında marşruta bir neçə maneənin əlavə olunması da var idi. Ancaq bir neçə gün əvvəl qonaqlar marşrutun çox mürəkkəb olduğunu qeyd edirdilər”.
 

Yarışın marşrutunun hazırlanmasında “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin böyük əməyi olduğunu diqqətə çatdıran vitse-prezident sınaq yarışının uğurla yekunlaşdığını bildirib. Vurğulayıb ki, ölkəmiz yarışda 4 idmançı ilə təmsil olunmalı idi. Ancaq Aqşin Bağırlı zədələndiyi üçün sınaq yarışına qatıla bilmədi. Azərbaycan üçün yeni idman növündə 3 idmançı ilə təmsil olunmağımız sevindirici haldı.
 

Ölkəmizdə idmana göstərilən dövlət qayğısında danışan Ələkbərov gələn ilin fevralında BMX üzrə velotrekin istifadəyə veriləcəyini bildirib. Vitse-prezident vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə Bakıdakı Su İdman Sarayının yaxınlığında qapalı velosiped treki tikiləcək. Bu idmana dövlət qayğısının daha bir nümunəsidi.
Dağ Velosipedi Parkında bundan sonra ölkə əhəmiyyətli və beynəlxalq yarışların təşkil olunacağını bildirən Ələkbərov bu məkanın gənclər üçün həmişə açıq olduğunu diqqətə çatdırıb (Azərtac).