15:03 22-10-2014
news_image
570
DİGƏR NÖVLƏR

Zədədən uğurlu qayıdış - FOTO

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşünün bu gün keçirilən 3-cü mərhələsi Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün kifayət qədər uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, 134.7 km-lik bu mərhələdə komandamızın üzvü Maksim Averin finiş xəttini 2-ci keçib.


Belə ki, ötən ayın əvvəlində Çində keçirilən "Tour of China" veloyürüşü zamanı ağır zədə alan və bu səbəbdən xeyli müddət yarışlara qatılmayan yığmamızın üzvünün qayıdışı uğurlu alınıb. Averin "Tour of Hainan"ın 3-cü mərhələsinin qalibi ilə eyni göstəriciyə imza atsa da, fotofinişə əsasən 2-ci yeri tutub - 3 saat, 5 dəqiqə, 9 saniyə.

"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Elçin Əsədov, Kristof Şvayzer və Samir Cəbrayılov da eyni nəticə ilə finiş xəttini keçən pelotonun içərisində olublar. Bu mərhələdə əldə etdiyi nailiyyət Averinə ümumi sıralanmada 40-cı yerdən 7-ci pilləyə yüksəlməyə şərait yaradıb. Hazırda velosipedçimiz liderə cəmi 6 saniyə uduzur. İlk "onluq"da daha bir təmsilçimiz var. Bu, 8-ci yerdə qərarlaşan Aleksandr Surutkoviçdir.

Komanda hesabında "Synergy Baku" 8-ci yerdən 4-cü pilləyə qalxıb. Sabah keçiriləcək 4-cü mərhələdə velosipedçilər 145.8 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.