21:51 23-10-2014
news_image
1137
DİGƏR NÖVLƏR

Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya kubokunun sahibləri bəlli oldu

Oktyabrın 23-də Qəbələ Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib. APA-nın xəbərinə görə, Atıcılığı “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edir.

 

Yarışların ilk günündə qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Həmçinin, bu gün kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Bu yarışlarda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Slovakiya, Avstarliya, ABŞ, Rusiya, Polşa, Monqolstan, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan idmançıları iştirak edib. Səngər stend atıcılığı üzrə qadınların yarışında Suzana Rehak Stefekova  (Slovakiya) birinci, Beaman Jo Janessa  (ABŞ) ikinci, Caterine Skinner  (Avstraliya) üçüncü, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında kişilər arasında Nazar Louginets (Rusiya) birinci, Niccolo Campriani (İtaliya) ikinci, Zhu Qinan (ÇİN) üçüncü yeri tutub.

 

Bundan əlavə pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qadınlar arasında Yi Siling (Çin) birinci, Andrea Arsoviç (Serbiya) ikinci, Şu Liuxi (Çin) üçüncü yeri tutub. Həmçinin, tapançadan 25 metr məsafəyə atəş açma yarışında isə qadınlar arasında Monika Karş (Almaniya) birinci, Gundegma Otryad (Monqolstan) ikinci,  Jingjing Zhang (Çin)  üçüncü yeri tutub.

 

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən öncə bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.

 

   

Qeyd edək ki, yarışlar oktyabrın 27-də başa çatacaq.